Elmi adı meduzomiset olan, həm də çay meduzası, kombuca, yapon göbələyi, yapon süngəri, çay kvası və digər adlarla tanınan çay göbələyi bakteriya və göbələklərin simbiozu olan bir içkidir. Jelatinli maddə görünüşünə malik bu içkinin çox faydalı xüsusiyyətləri var.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Tixomirova danışıb.
"Adətən kombuca şəkər və çayın zəif məhlulunda isladılır. Bir bankada göbələk, çay və şəkərin birləşməsi nəticəsində aşağıdakı reaksiya baş verir: göbələklər və bakteriyalar şəkəri həzm edərək zəif sirkə turşusu məhlulu əmələ gətirir", - deyə həkim izah edib.
Belə çayda polifenollar və antioksidantlar olur. Bu komponentlərlə birlikdə zəif sirkə turşusu məhlulu zərərli mikroorqanizmləri məhv edə bilən yumşaq bakterisid xüsusiyyətlərə malikdir. Bundan əlavə, qıcıqlandırıcı dadı olan kambuca B vitaminləri ilə zəngindir.
Çay göbələyini hazırlayarkən şəkərin miqdarına diqqət etmək vacibdir: ondan az miqdarda əlavə etmək lazımdır ki, göbələk və bakteriyalar onu fermentləşdirə bilsin. Şəkər çox olduqda bakteriyalar onu tam həzm edə bilməyəcək, nəticədə içki həddən artıq karbohidratlı alınacaq və bütün faydalı xüsusiyyətləri aradan gedəcək.
Belə ki, hazır içkinin tərkibindəki karbohidratın miqdarı 2-10 qram arasında ola bilər. Çoxlu şəkər əlavə edildikdə isə karbohidratların miqdarı daha çox olacaq: 100 qram içkiyə azı 10 qram.
Eyni zamanda, çay göbələyini mədə-bağırsaq xəstəliklərinin (qastrit, mədə xorası və onikibarmaq bağırsaq xorasının) kəskinləşməsi zamanı içmək olmaz. Digər hallarda isə içki təhlükəsizdir.