Sağlam qidalanma mövzusu insanları ən çox düşündürən məsələlərdən biridir. Bir çox insan dietoloqlara eyni sualları verir, lakin bəzən bu sualları soruşmağa çəkinir və ya müxtəlif miflərə inanır.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, dietoloq Syuzi Barrell qidalanma ilə bağlı ən çox verilən suallara cavab verərək bir sıra yanlış təsəvvürləri izah edib. Onun sözlərinə görə, gündə bir-iki yumurta yemək təhlükəli deyil və adətən qanda xolesterinin artmasına səbəb olmur. Yağsız süd isə düşünülənin əksinə olaraq əlavə şəkərsiz hazırlanır və daha az kalorili seçim sayılır.
Mütəxəssis qeyd edir ki, yağsız qırmızı ət bəzən toyuq ətindən daha çox dəmir və sink ehtiva edir. Qlüten isə yalnız həqiqi dözümsüzlük olduqda rasiondan çıxarılmalıdır. Balın şəkərdən xeyli faydalı olması barədə fikir də doğru deyil, çünki hər ikisi orqanizmdə oxşar şəkildə parçalanır. Həmçinin səhər yeməyinin günün ən vacib qidalanma mərhələlərindən biri olduğu vurğulanır. Dietoloq əlavə edir ki, meyvələrdən çəkinməyə ehtiyac yoxdur, lakin şirə və qurudulmuş meyvələrdə şəkər və kalori daha çox olur.






