İnsan orqanizmində mikro və makroelementlərin çatışmazlığı yarandıqda, immun reaksiyalarının fəaliyyəti əhəmiyyətli dərəcədə azalır. Bunun qarşısını almaq üçün payız fəsli başlamazdan əvvəl qida rasionunuza faydalı maddələrlə zəngin tərəvəzlər əlavə etmək vacibdir.
Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq-diyetoloq, kliniki nutrisioloq Angelina Vodolazskaya danışıb.
Həkim izah edib ki, immun sistemi bağırsaqların fəaliyyəti ilə sıx bağlıdır. Buna görə də, mikrofloranın sağlam vəziyyətdə saxlanılması çox vacibdir. İnsan orqanizmindəki immun hüceyrələrinin 70-80% -i bağırsağın selikli qişasında yerləşir. Tərəvəzdən alınan qida lifləri isə bağırsaq mikrobiotasını sağlam saxlamağa kömək edən prebiotik qida faktorlarının mənbəyidir.
Yerkökü immuniteti qorumaq üçün ən vacib tərəvəzlərdən biridir. Tərkibində immunomodulyator təsir göstərən beta-karotin və A vitamini var. Bədəndə bu maddələr qıtlığı yoxdursa, insan kəskin respirator virus infeksiyalarına (KRVİ) daha gec yoluxur və xəstəliyin müddəti azalır. Lakin kökü də həddindən artıq çox yemək yuxululuq gətirə, həzm probleminə və dərinin saralmasına səbəb ola bilər.
Bolqar bibəri əsl C vitamini anbarıdır. Sitrus meyvələri ilə müqayisədə onda bu vitamin 40% daha çoxdur.
İspanaq 10 ən yaxşı "superfood" (faydalı maddələrlə zəngin qida) siyahısına daxildir. Onun cəmi 100 qramından gündəlik lazım olan A vitamininin yarısını, həmçinin immun hüceyrələrinin effektiv fəaliyyəti üçün çox vacib olan C vitamini və sink ala bilərsiniz. Bununla belə, ispanaq çox yeyilməməlidir, əks təqdirdə, həddindən artıq sidik turşusunun istehsalına səbəb ola bilər.
Sarımsaq da çox faydalıdır: qan dövranına müsbət təsir edir, həmçinin, antioksidantlar və fitonsidlərlə zəngindir. İmmuniteti artırır və xolestirin səviyyəsini aşağı salır. Buna baxmayaraq, çox miqdarda yeyildikdə gəyirməyə və dəridə səpgilərin yaranmasına səbəb ola bilər. Mədə xorası və qastritdən əziyyət çəkənlərə isə sarımsaq yemək olmaz.
Sonda Vodolazskaya gingerolla zəngin olan zəncəfil kökünün faydalarından danışıb. Bu bitkinin əsas üstünlüklərindən biri hüceyrə immunitetini aktivləşdirməsidir. Lakin zəncəfil kökünün də həddindən artıq istehlakı zərərlidir: onun komponentləri mədə-bağırsaq traktının selikli qişasını qıcıqlandırır və həzm xəstəliklərindən əziyyət çəkən insanlar üçün əks göstərişdir. Eynisi göyərti və tərəvəzlər üçün də keçərlidir: onların tərkibində mikrofloraya faydalı olan çoxlu lif var, lakin mədə-bağırsaq traktı pozğunluqlarından əziyyət çəkən insanlar üçün təhlükəli ola bilər.