Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 2020-ci il üzrə icra nəticələrinə dair monitorinq və qiymətləndirmə hesabatının ilkin layihəsi hazırlanıb. Foodinfo.az-ın xəbərinə görə, hesabat hazırlanarkən dünya təcrübəsi araşdırılıb və bir sıra ən yaxşı təcrübələrdən, o cümlədən Dünya Bankının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT strukturlarının və digər beynəlxalq təşkilatların nəticəəsaslı monitorinq və qiymətləndirmə sahəsində əldə olunan nailiyyətlərindən geniş istifadə edilib. Dövlət Proqramının icra müddətinə (2019-2025-ci illər) uyğun olaraq nəticələr sxemi tərtib olunarkən ilkin nəticə, aralıq nəticə və gözlənilən təsirlər üzrə indikatorlar təyin olunub. Ölkədə ilk genişmiqyaslı nəticəəsaslı icra və qiymətləndirmə prosesi olan bu proqramın monitorinq və qiymətləndirmə hesabatı Dünya Bankı ekspertlərinin tövsiyələri nəzərə alınaraq hazırlanıb.