Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Pakistan Bitki Mühafizəsi İdarəsi nümayəndələri arasında görüş keçirilib.
Foodinfo.az-ın məlumatına görə, Agentliyin Aparat rəhbəri Elxan Mikayılov və Pakistanın Bitki Mühafizəsi baş idarəsinin direktoru Allah Ditta Abidin başçılıq etdiyi nümayəndə heyətinin iştirak ilə keçirilən görüşdə Pakistanla ölkəmiz arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş layihəsinə dair müzakirələr aparılıb.
Pakistan tərəfi Agentlik tərəfindən hazırlanaraq təqdim olunmuş “Аzərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsini məqbul hesab etdiklərini qeyd edib, layihə barədə təkliflərini diqqətə çatdırıb və həmin təkliflərin rəsmi olaraq diplomatik kanallar vasitəsilə Agentliyə təqdim ediləcəyini bildirib.
Sonda tərəflər bitki və bitkiçilik məhsullarının və digər fitosanitar nəzarətinə aid olan məhsulların ikitərəfli ticarəti ilə əlaqədar sanitar və fitosanitar tədbirlər sahəsində əməkdaşlıq istiqamətində əlaqələrin inkişaf edəcəyinə əminliklərini vurğulayıblar.
[gallery ids="34491,34492"]