"Hazırda dünyanın müxtəlif ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vura bilən bitki mənşəli viruslar yayılır. Bu virusların ölkəmizə daxil olmasının qarşısını almaq üçün idxal edilən pomidor və bibər toxumlarının virusdan azad olması əsas tələblərdəndir".
Foodinfo.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva bildirib.
O qeyd edib ki, xəstəlik əlamətləri göstərməsə belə toxumlar qonur qırışıqlıq virusuna yoluxmuş ola bilər və bunu nəzərə alaraq idxal zamanı pomidor və bibər toxumları laborator müayinələrə cəlb edilir: “Pomidor meyvələrinin qonur qırışıqlıq virusu toxum, torpaq, alaq otları vasitəsilə yayılır. Həmçinin virus əkin sahəsində istifadə edilən alətlər, işçilərin təması, geyimi və tozlandırıcı həşəratlar vasitəsilə də yayıla bilir. Pomidor meyvələrinin qonur qırışıqlıq virusu idxal edilən pomidor və bibər toxumları ilə yeni areala daşına bilir. Bundan başqa, istehlak məqsədilə idxal olunan yoluxmuş pomidor və bibər meyvələri də virusun yayılmasına zəmin yaradır”.
Agentlik rəsmisi bildirib ki, virusla mübarizədə məlum kimyəvi maddələr təsirsizdir və virusa qarşı davamlılıq genləri daşıyan pomidor hibrid və sortları mövcud deyil: “Qonur qırışıqlıq virusu məhsulun əmtəəlik keyfiyyətini aşağı salır, təsərrüfat sahəsində qısa müddətdə yayılır, həmçinin bitkini zəiflədərək digər virus və göbələk mənşəli ikincili infeksiyaların yaranmasına təkan verir. Bütün bunları nəzərə alaraq virusun kifayət qədər böyük həcmdə məhsul itkisinə səbəb olduğunu proqnozlaşdırmaq mümkündür”.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir