7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar “SOVQAT” layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda sahibkarlar üçün “Açıq qapı” günü keçirilib. Qida zəncirinin müxtəlif mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirak etdiyi “Açıq qapı” gününün keçirilməsində məqsəd "Qida təhlükəsizliyi hamının işidir" şüarı ilə keçirilən Ümumdünya Qida Təhlükəsizliyi Günündə sahibkarların üzərinə düşən məsuliyyəti xatırlatmaq, həmçinin onları qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laboratoriyalarda aparılan müayinə və analizlərlə yaxından tanış etməkdir.
Foodinfo.az-ın xəbərinə görə, "Açıq qapı" günündə AQTİ-nin tabeliyində Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyaların yaradıldığı, seçilmiş potensiallı kadrların təlimə cəlb edilərək laboratoriyalarda müvafiq işlə təmin olunduğu, habelə müayinələrin beynəlxalq standartlara uyğun, müasir metodlarla həyata keçirildiyi sahibkarların diqqətinə çatdırılıb. Qeyd olunub ki, qida təhlükəsizliyinin təmin edilməsində sahibkarların üzərinə düşən məsuliyyəti və öhdəliklərini bilməsi, eləcə də onların maarifləndirilməsi olduqca vacibdir. “Açıq qapı” gününün təşkili də belə tədbirlərdən biridir.
Daha sonra iştirakçılara İnstitutda aparılan elmi araşdırmalar və keçirilən təlimlər barədə məlumat verilib. Sonda sahibkarlar laboratoriyalarda aparılan müayinələri əyani şəkildə müşahidə ediblər. Görüş çərçivəsində sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.
[gallery ids="37937,37938"]