Bakı Regional Sınaq Laboratoriyası ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərərək ölkədə istehsal olunan, idxal-ixrac edilən qida məhsullarında və suda təhlükəsizlik və keyfiyyət göstəricilərinin müayinəsinin həyata keçirilməsi istiqamətində ixtisaslaşıb. Foodinfo.az-ın məlumatına görə, laboratoriyada qida və kənd təsərrüfatı məhsullarının, yemlərin, içməli suların Azərbaycan Respublikasında qüvvədə olan normativ-texniki sənədlərlə yanaşı, beynəlxalq standartlarda da qeyd olunan keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, toksikoloji, fiziki-kimyəvi sınaqları aparılır. Laboratoriya həyata keçirdiyi sınaqların keyfiyyətə nəzarətini təmin etmək məqsədilə analitik standartlardan, standart referans materiallardan, sertifikatlı referans materiallardan istifadə edərək laboratoriya daxilindəki bütün cihaz və avadanlıqların performans, kalibrləmə yoxlamalarını aparır. Laboratoriya "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartına uyğun milli akkreditasiya qurumu tərəfindən akkreditasiya olunub. Bakı Regional Sınaq Laboratoriyasında 200 metod  milli akkreditasiya qurumu tərəfindən akkreditə edilib. Laboratoriyada sınaqlar ISO, AOAC, ASTM, NMKL, QOST kimi referans standartlardan istifadə edilərək həyata keçirilir. Laboratoriyada bütün qida məhsullarında yüksək həssaslığa malik ICP-MS (induktiv əlaqəli plazmalı optik və kütlə spektrometri) cihazı vasitəsilə beynəlxalq metodlardan istifadə edilərək toksiki metalların təyini sınağı həyata keçirilir. HPLC (yüksək effektli maye xromatoqrafı) cihazında alkoqolsuz içkilərdə və digər qida məhsullarında  kofein, konservantların (kalium sorbat, sorbin turşusu, natrium benzoat, benzoy turşusu) təyini, alkoqolsuz içkilərdə və balda karbohidratların (saxaroza, fruktoza, qlükozanın) miqdarının təyini sınaqları aparılır. GC 7820A qaz xromatoqrafında bitki və heyvan mənşəli yağlarda yağ turşu tərkibinin təyin edilməsi analizləri həyata keçirilir. Cihaz vasitəsilə bitki və kərə yağlarının falsifikasiyası - həqiqiliyi yoxlanılır, spredlərdə süd yağının kütlə payı təyin edilir. Həmçinin laboratoriyada süd məhsullarında bitki sterinlərinin təyini də aparılır. Bitki sterinlərindən stiqmasterin, kampasterin və β - sitosterinin təyini həyata keçirilir. Sınaqlar beynəlxalq ISO standartına uyğun olaraq aparılır. Sadalanan cihazlar Yaponiya, ABŞ, Almaniya kimi ölkələrin istehsalıdır. Yüksək dəqiqliklə işləyən bu cihazlar sayəsində bir çox məhsullarda qısa zaman kəsiyində doğru nəticələr əldə etmək mümkündür. Laboratoriyada qida məhsullarında keyfiyyət və təhlükəsizlik göstəricilərinin və enerji dəyərinin təyini də həyata keçirilir. Laboratoriyanın bioloji müayinələri həyata keçirən bölməsi ISO 7218:2007, ISO 17025:2017 və “European Accreditation for Microbiological Laboratory EA-04\10” sənədinin tələbinə uyğun qurulub. Bölmədə bütün qida məhsullarında və suda təhlükəsizlik göstəricilərindən olan mikrobioloji sınaqlar aparılır. Qida məhsullarında Salmonella spp., Listeria monocytogenes, Bacillus cereus, Enterobacteriaceae, Koaqulyaz müsbət stafilokoklar, E.coliKoliform bakteriyaları, Sulfit reduksiyaedici anaerob bakteriyalar, ümumi mikroorqanizmlərin, kif və maya göbələklərinin təyini sınaqları, suda isə E. Coli və koliformlarPseudomonas aeruginosa, Enterokokki və ümumi mikroorqanizmlərin təyini beynəlxalq ISO standart metodları əsasında həyata keçirilir.