Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev 3–7 noyabr 2025-ci il tarixlərində keçirilən Kodeks Alimentarius Komissiyasının İcra Komitəsinin 89-cu sessiyasında iştirak edir.

Foodinfo.az xəbər verir ki, sessiya Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Roma şəhərində yerləşən Baş Qərargahında təşkil olunub. AQTİ nümayəndəsi Ramazan Nəbiyev sözügedən sessiyada Avropa regionu üzrə məsləhətçi qismində təmsil olunur. 

Kodeks Alimentarius Komissiyası qida təhlükəsizliyi və qida məhsullarının beynəlxalq ticarətinin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən, beynəlxalq səviyyədə qəbul olunmuş təlimatlar, ümumi prinsiplər, eləcə də ümumi və xüsusi standartlar hazırlayan beynəlxalq tənzimləyici qurumdur. Azərbaycan 2011-ci ildən etibarən Komissiyanın 189 üzvü sırasına daxildir.

Azərbaycan nümayəndəsinin bu mötəbər tədbirdə Avropa regionu üzrə məsləhətçi statusunda təmsil olunması ölkəmizin qida təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığının genişlənməsinin və bu istiqamətdə həyata keçirilən uğurlu fəaliyyətin növbəti göstəricisidir.