Marketlərdə ətin təbii olub-olmadığını anlamaq bəzən çətin görünür, amma mütəxəssislər bu məsələdə sadə qaydalar təqdim edir. Foodinfo.az xəbər verir ki, Rusiya Qida Təhlükəsizliyi Universitetinin professoru, qida mütəxəssisi Natalya Fomenko “Gazeta.ru”ya açıqlamasında sağlam və keyfiyyətli ət seçməyin yollarını izah edib.

Onun sözlərinə görə, bəzi istehsalçılar ətin çəkisini artırmaq və daha parlaq görünməsini təmin etmək üçün kimyəvi maddələrdən istifadə edirlər. Lakin bu cür məhsulları sadə əlamətlərlə tanımaq mümkündür.

Mütəxəssis qeyd edib ki, rəng ətin təbiliyini göstərən əsas göstəricidir. “Toyuq əti açıq çəhrayı, mal əti tünd-qırmızı, donuz əti isə açıq-roz rəngdə olmalıdır. Əgər ət parlaq və qeyri-təbii tonlardadırsa, bu, boyaq və digər maddələrin əlavə olunduğuna işarədir”, — deyə Fomenko bildirib.

Digər mühüm göstərici isə qablaşdırmadakı artıq mayedir. Ətin içərisində çoxlu su və ya şəffaf maye görünürsə, bu, məhsulun kimyəvi maddələrlə “şprisləndiyini” göstərə bilər.

Ekspertin sözlərinə görə, belə ət qida üçün təhlükəli olmasa da, bişirməzdən əvvəl bir neçə saat suda saxlanılması məsləhətdir. Lakin bu zaman ətin strukturu pozula, bişdikdən sonra sərt ola bilər.

Fomenko həmçinin alıcılara təbii rəngli, az mayeli və xoş ətirli ət seçməyi tövsiyə edir: “Əgər ət təzədirsə, onun qoxusu neytral və təmiz olur — tünd və süni qoxulara diqqət edin.”

Mütəxəssis əlavə edib ki, təbii ət təkcə dad baxımından deyil, həm də orqanizm üçün daha faydalıdır, çünki tərkibində artıq kimyəvi maddələr olmur.