Soyuq fəsillərin yaxınlaşması ilə immuniteti gücləndirən qidalar xüsusilə ön plana çıxır. Foodinfo.az xəbər verir ki, zəncəfilli mərci şorbası həm orqanizmi isinidir, həm də xəstəliklərə qarşı bədəni qoruyur.
Tərkibindəki qırmızı mərci, təzə zəncəfil, kök, sarıkök və limon suyu sayəsində bu şorba vitamin, minerallar və antioksidantlarla zəngindir. Zəncəfil və sarıkök iltihabı azaldaraq immunitet sistemini aktivləşdirir, mərci isə bitki mənşəli zülal və liflə orqanizmi gücləndirir.
Bu şorba təkcə soyuqdəymə və qripdən qorumaqla kifayətlənmir, həm də həzm sistemini tənzimləyir, ürək sağlamlığını dəstəkləyir və toxluq hissi yaratdığı üçün arıqlamaq istəyənlər üçün də ideal seçim sayılır.
Zəncəfilli mərci şorbasını hazırlamaq da olduqca sadədir: soğan və kök yüngülcə qovrulur, üzərinə zəncəfil və sarıkök əlavə edilir, sonra mərci və su qatılaraq bişirilir. Blenderlə püre halına salınan şorba limon suyu ilə tamamlanır.
Qidalanma mütəxəssisləri bu yeməyi həftədə ən az iki dəfə menyuya daxil etməyi tövsiyə edir. Onların sözlərinə görə, zəncəfilli mərci şorbası həm dadlı, həm də orqanizmin təbii müdafiə sistemini gücləndirən ən təsirli yeməklərdən biridir.






