Portağal həm dadı, həm də sağlamlığa təsiri ilə seçilən ən faydalı sitrus meyvələrindən biridir. Foodinfo.az Rbc.ua saytına istinadla xəbər verir ki, bu meyvə C vitamini və antioksidantlarla zəngin olduğu üçün orqanizmin müdafiə gücünü artırır, ürək-damar sisteminin sağlamlığını qoruyur və dərinin elastikliyini dəstəkləyir.

Dietoloq və elm magistri Kristen Karlinin sözlərinə görə, portağal digər sitrus meyvələri arasında birinci yerdə dayanır. O bildirib ki, 100 faiz təbii portağal şirəsi və meyvənin özü C vitamini ilə çox zəngindir, bu vitamin isə immunitetin güclənməsi üçün əsas maddələrdən sayılır.

Mütəxəssislərin fikrincə, insan orqanizmi C vitaminini özü sintez edə bilmir, buna görə də portağal kimi meyvələr bu çatışmazlığı təbii yolla aradan qaldırmağa kömək edir.

Tədqiqatlara əsasən, portağalın tərkibində flovonoidlər, karotinoidlər və polifenollar var. Bu birləşmələr güclü antioksidant, iltihabəleyhinə və bəzi hallarda xərçəng əleyhinə təsir göstərə bilər.

Foodinfo.az bildirir ki, Medical News Today nəşrinin məlumatına görə, C vitamini kollagen sintezində mühüm rol oynayır. Kollagen dərinin gənc görünməsini, yaraların tez sağalmasını və toxumaların elastikliyini təmin edir. Bundan əlavə, portağaldakı liflər qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir və bu xüsusilə 2-ci tip şəkərli diabetin qarşısının alınmasında faydalıdır.

Portağal həm də fol turşusu (B9 vitamini) ilə zəngindir. Bu vitamin hüceyrələrin böyüməsi və bərpası üçün vacibdir, xüsusilə hamilə qadınlar üçün böyük əhəmiyyət daşıyır. Həmçinin fol turşusu böyüklərdə ürək sağlamlığını qorumağa kömək edir.

Mütəxəssislər portağalı gün ərzində bir neçə dəfə az-az yeməyi tövsiyə edirlər. Məsələn, səhər yeməyindən sonra yarım portağal, günortadan sonra isə bir tam meyvə yemək orqanizmin C vitaminini daha yaxşı mənimsəməsinə şərait yaradır.

Portağalı təkcə təzə halda deyil, həm də salatlarda, toyuq, avokado və ya ispanaqla birlikdə yemək faydalıdır. Portağal şirəsini zeytun yağı və bal ilə qarışdıraraq təbii salat sousu kimi də istifadə etmək olar.

Bir stəkan (200 ml) təzə sıxılmış portağal şirəsi təxminən iki ədəd meyvəyə bərabərdir, buna görə də gündə bir stəkandan artıq içmək tövsiyə olunmur. Çünki bu zaman orqanizmə artıq miqdarda fruktoza daxil ola bilər.

Diyetoloqlar bildirirlər ki, gündə 1–2 orta ölçülü portağal orqanizm üçün ideal miqdardır. Bu, 70–140 milliqram C vitamini təmin edir ki, bu da həm qadınlar (75 mq), həm də kişilər (90 mq) üçün gündəlik tələbatı tam ödəyir.