Yuxusuzluqla mübarizə aparan insanlara kömək edə biləcək təbii məhsul balqabaqdır. Foodinfo.az xəbər verir ki, bu barədə dietoloq Helen Conston Lenta.ru-ya açıqlamasında danışıb.
Mütəxəssis bildirib ki, balqabağın lət hissəsi maqneziumla zəngindir. Bu maddə sinir sistemini sakitləşdirir, gərginliyi azaldır və yuxu hormonu olan melatoninin yaranmasında iştirak edir. Lakin Constonun sözlərinə görə, yuxusuzluqla mübarizədə ən qiymətli hissə balqabaq tumlarıdır. “Balqabaq tumlarında triptofan adlı amin turşusu var. Bu maddə orqanizmdə əvvəlcə serotonin, sonra isə melatoninə çevrilir. Hər iki hormon insanın əhvalını və yuxu dövrlərini tənzimləyir”, – deyə dietoloq bildirib.
O əlavə edib ki, tumlarda həm də maqnezium olur və bu, triptofanın təsirini daha da gücləndirir. Bu iki maddə birlikdə orqanizmin rahatlamasına, dərin və keyfiyyətli yuxunun bərpasına kömək edə bilər.
Ekspert qeyd edib ki, balqabaq və onun tumlarının yuxunu yaxşılaşdırmaq qabiliyyəti tam elmi şəkildə sübut edilməsə də, dünyanın müxtəlif ölkələrində aparılan müşahidələr bu təsiri dolayısı ilə təsdiqləyir.
Helen Conston həmçinin vurğulayıb ki, balqabağın digər faydalı xüsusiyyətləri də az deyil. Onun tərkibində immuniteti gücləndirən sink, qalxanabənzər vəzinin sağlam fəaliyyəti üçün vacib olan selen, eləcə də bağırsaqların işini tənzimləyən lif maddəsi mövcuddur.
Dietoloq sonda qeyd edib ki, bu payız məhsulu həm dadlı, həm də çox faydalıdır və yuxusuzluqdan əziyyət çəkənlər üçün təbii bir dəstək ola bilər.






