Şirəli və dadlı xurma payızın sevimli meyvələrindən biridir, lakin hər məhsul kimi onu da ölçülü şəkildə yemək vacibdir. Foodinfo.az xəbər verir ki, fitnes-məşqçi və qidalanma üzrə mütəxəssis Viktoriya Maleeva Aif.ru-ya açıqlamasında bu meyvənin kimlər üçün təhlükəli ola biləcəyindən danışıb.

Mütəxəssisin sözlərinə görə, bəzi xəstəliklər zamanı xurmanın qəbulu ciddi şəkildə məhdudlaşdırılmalıdır. Xüsusilə 2-ci tip şəkərli diabeti olan şəxslər üçün xurma təhlükə yarada bilər, çünki onun tərkibində çoxlu şəkər var və qlikemik göstəricisi 50–70 arasında dəyişir. Bu, qanda qlükozanın sürətlə artmasına səbəb olur. Maleeva belə şəxslərə gündə yarım ədəd (təxminən 50–70 qram) xurmanı yalnız zülal və ya sağlam yağlarla birlikdə yeməyi məsləhət görür.

Piylənmə və maddələr mübadiləsi pozğunluğu olan insanlar da xurmanı az miqdarda və günün birinci yarısında qəbul etməlidirlər. Meyvənin yüksək kalorili və şəkərli olması arıqlama prosesinə mənfi təsir göstərə bilər.

Qastrointestinal (həzm sistemi) xəstəlikləri – o cümlədən mədə qıcqırması, xora və qəbizlik meyilləri olan şəxslər də xurmanı ehtiyatla yeməlidirlər. “Xurmanın tərkibindəki büzücü maddələr diskomfort, şişkinlik və ağırlıq yarada bilər. Tam yetişməmiş xurma isə mədədə lif topalarının – fitobezorların əmələ gəlməsinə səbəb ola bilər”, – deyə mütəxəssis xəbərdarlıq edib. Həzm orqanlarında əməliyyatdan sonrakı dövrdə isə xurmadan 1–2 ay uzaq durmaq tövsiyə olunur.

Maleeva bildirib ki, arıqlamaq istəyənlər də xurmanı az miqdarda və düzgün şəkildə qəbul edə bilərlər. Onun tərkibindəki liflər toxluq hissini artırır və şirniyyata olan meyli azaldır. Xurmanı acqarına yemək olmaz, ən yaxşısı onu ağartı məhsulları və ya qoz-fındıqla birlikdə yeməkdir. Məsələn, xurmanı şəkərsiz yoqurt və ya kəsmiklə qarışdırmaq qanda şəkərin sabit qalmasına kömək edir.

Sağlam insanlar üçün gündə bir ədəd orta ölçülü xurma (150–200 qram) kifayətdir. Şəkərli diabeti olan şəxslər üçün isə bu miqdar ¼–½ xurma (50–70 qram) arasında olmalıdır. Həzm sistemi xəstəlikləri remissiya dövründə olanlar yarım yetişmiş xurmanı qabığını soyaraq yeyə bilərlər.