"Azərsu" ASC Abşeron yarımadasının şərq hissəsinin içməli su təchizatında dayanıqlığın təmin olunması məqsədilə yeni layihənin icrasına başlayıb. Foodinfo.az xəbər verir ki, layihə Ceyranbatan təmizləyici qurğularından Qala istiqamətinə yeni magistral su kəmərinin və kəmərin marşrutu üzərində yeni anbarların inşasını nəzərdə tutur. 2022-ci ilin Dövlət İnvestisiya Proqramına uyğun olaraq Balaxanı qəsəbəsi yaxınlığında 10 min kubmetr tutumu olan su anbarı inşa edilir. Hazırda yarımadanın şərq hissəsi içməli su ilə 2 magistral xətt - sovet dövründə tikilmiş Ceyranbatan-Maştağa və 2014-cü ildə istismara verilmiş Ceyranbatan-Zirə magistral su kəmərləri ilə təmin olunur. Son illər yarımadanın şərq hissəsində kənd və qəsəbələrin genişlənməsi, yeni yaşayış massivlərinin salınması və əhalinin artımı içməli suya tələbatı artırıb. Hazırda yaşayış məntəqələrində şəbəkələrin genişləndirilməsi və su təchizatında dayanıqlığın təmin olunması daşıyıcı kəmərlərin imkanlarından birbaşa asılıdır. Lakin mövcud infrastrukturun imkanları tələbatı qarşılamadığından, eləcə də perspektivdə artacaq tələbat nəzərə alınaraq Ceyranbatan-Zirə xəttinə paralel daha bir magistral kəmərin inşası layihələndirilib. Layihəyə əsasən “+118 Abşeron” su anbarından başlayaraq Qala qəsəbəsinədək yeni kəmər inşa olunacaq. 54 km uzunluğunda layihələndirilən kəmərin ilkin mərhələdə Balaxanı qəsəbəsinədək olan 21 km-lik hissəsi, daha sonra Ramana və Qala qəsəbələrinədək olan hissələri tikiləcək. Layihəyə əsasən, magistral kəmər üzərində yeni su anbarları inşa ediləcək. Hazırda “+82 Balaxanı” anbar kompleksinin ərazisində tutumu 10 min kubmetr olan ilk anbarın tikintisi intensiv qaydada davam etdirilir. Anbarın tikintisinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Gələcəkdə bu ərazidə daha iki anbarın tikintisi layihəndirilib. Yeni magistral kəmərin və anbarların tikintisi Abşeron yarımadasının şərq hissəsinin içməli su təchizatının yaxşılaşdırılmasına ciddi təsir edəcək. Bu infrastrukturlar hesabına indiyədək su almayan yaşayış massivlərinin  içməli su ilə təmin edilməsi üçün əlverişli imkan yaranacaq, eyni zamanda şəbəkə mövcud olan ərazilərin su təchizatında dayanıqlıq təmin ediləcək.