Evdəki təbii maddələrdən istifadə edərək ərpləri çıxara bilərsiniz. Çaydandakı ərp və ləkəni təmizləmək üçün bilməli olduğunuz təmizləmə üsulları var.
Çay mətbəximiz üçün unikal nemətdir. Milyonlarla insan çay içməyi çox sevir. Xüsusilə çayxanalarda, şirniyyat evlərində çay çox istehlak olunur. Evdar qadınlar da evdə gündə ən azı üç dəfə çay dəmləyirlər.
Gündə üç dəfə çay dəmlənən çaydanlar ərp və qaralmağa meyllidir. Bəzi evdar qadınlar kimyəvi üsullara əl atsa da, təbii və sağlam üsullara üstünlük verənlər də az deyil.
Bu problemin öhdəsindən gəlmək üçün sirkə, soda və limon kifayətdir.
1. Çaydandakı ərpləri təmizləmək üçün 1 armudu stəkan sirkə bəs edir. Sadəcə sirkəni çaydana töküb sonra qab süngəri ilə ləkəni yaxşıca ovuşdurmaq lazımdır. Sirkənin ərp olan hər yerə nüfuz etməsinə əmin olmalısınız. Yarım saat gözləyin. Sonra 1 çay qaşığı duz və soda əlavə edib tel ilə ovxalayın. Ərp qatının çox səy sərf etmədən çıxarıldığını görəcəksiniz.
Əgər ovmaq istəmirsinizsə. Çaydana bir stəkan sirkə və 1 stəkan su töküb ocaqda qaynadın.
2. Çaydandakı ləkələri çıxarmaq üçün başqa bir təbii üsul var. Limon və soda birləşməsinin ərp ləkələrini çıxardığı bildirilir. Limon çaydanların içini və çölünü cilalamaqda, soda isə çaydanların içindəki ərpləri təmizləməkdə çox təsirlidir. İlk öncə 1 paket qabartma sodasını çaydana tökün və üzərinə bir limon suyu və limonu doğrayıb əlavə edin. Çaydanın yarısına su doldurub aşağı odda qaynamağa buraxın. Tədricən bütün ərplər yox olacaq.
3. Çaydandakı ərp qatını çıxarmaq üçün çaydana bir xörək qaşığı limon duzu töküb əlavə etdiyiniz su ilə sobaya qoyub qaynadın. 30 dəqiqədən sonra ərplərin töküldüyünü görəcəksiniz.