Çölyak xəstəliyi nazik bağırsaqda qlüten adlı proteinə qarşı yüksək həssaslıq nəticəsində yaranan bağırsaq xəstəliyidir. Qlüten buğda, arpa, çovdar və bulqur kimi taxıllarda olan bir protein olduğundan, çölyak xəstələri bu taxıllardan istehsal olunan qidalardan uzaq durmalıdırlar.
Foodinfo.az xəbər verir ki, çölyak xəstəliyinin simptomları çox vaxt həzm sistemi ilə bağlı problemlərdən qaynaqlanır. Bu simptomlara xroniki ishal, qarın ağrısı, kilo itkisi, ürəkbulanma, qusma, qəbizlik, yorğunluq və zəiflik daxildir. Ancaq çölyak xəstəliyinin bəzi əlamətləri bağırsaqdankənar ola bilər və dəri problemləri, miqren, əzələ və oynaq ağrıları kimi simptomlarla da müşahidə oluna bilər.
Potensial çölyak xəstəliyi heç bir simptomu olmayan və laboratoriya testləri ilə diaqnoz edilə bilən bir vəziyyətdir. Bu vəziyyətdə insan qlütendən istifadə edərək heç bir problemlə üzləşməsə də, sağlamlıq problemləri irəliləyə bilər. Buna görə də potensial çölyak xəstəliyi olan insanların tərkibində qlüten olan qidalardan uzaq durmaları və mütəmadi olaraq tibbi müayinədən keçmələri vacibdir.