Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə mövqelərimiz atəşə tutulub. Avqustun 17-si saat 10:55-dən 14:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. Foodinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan əlavə saat 11:18-dən 13:37-dək Çəmbərək rayonunun Göysu və Şişqaya yaşayış məntəqələrində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qalakənd və Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub. Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.