2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.
Foodinfo.az xəbər verir ki, həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.
Xərçəng orqanizmin hər hansı hissəsində özünü büruzə verən yüzdən çox xəstəliyin ümumi əlaməti ola bilər. Xərçəngin tipik əlamətlərindən biri anomal hüceyrələrin sürətlə inkişaf edərək öz əhatəsini genişləndirməsidir. Həmin proses metastaz adlanır və xəstəlikdən ölüm hallarının başlıca səbəbi sayılır.
Hazırda dünyada onkoloji diaqnozdan sonra remissiya mərhələsində olan təxminən 44 milyona yaxın xəstə var. Xərçəng xəstəliklərinin yaranma səbəblərini müəyyən etmək mümkün olmasa da, erkən müdaxilə nəticəsində həmin xəstəliklərin təxminən üçdəbir hissəsinin inkişafının qarşısını almaq olar. İlkin mərhələlərdə xərçəng şişinin aşkar edilməsi onun uğurlu şəkildə müalicə edilməsini mümkün edir. Lakin mütəxəssislər onu da xəbərdarlıq edirlər ki, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. İlk növbədə, bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan tütün tüstüsü kimi kanserogen maddələrdən uzaq olmaq lazımdır. Xərçəngin əksər növlərində xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, onkoloji xəstələrin təxminən 70 faizinin şüa terapiyası ilə müalicəsinə ehtiyac var.
Xərçəngdən ölüm halları daha çox ağciyər, mədə, qaraciyər, yoğun bağırsaq və süd vəzi xərçəngi ilə əlaqədar olur. Həmin halların üçdəbiri həyat tərzi və qidalanma ilə əlaqədar beş əsas risk faktor - yüksək bədən çəkisi indeksi, qidalanma zamanı meyvə və tərəvəzlərin az istehlakı, fiziki fəallığın olmaması, tütün və alkoqol istifadəsi nəticəsində baş verir.
2009-cu ildə Milli Onkoloji Mərkəzin açılışından sonra ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsi sahəsində çox böyük irəliləyişlər baş verib. 2012-ci ildə Uşaq Onkologiya Mərkəzi, 2014-cü ildə yeni müalicə korpusu və bədxassəli şişlərin molekulyar diaqnostikası laboratoriyaları açılıb. 2016-cı ilin aprelində Milli Onkologiya Mərkəzinin nəzdində regionda yeganə olan Nüvə Tibb Mərkəzi açılıb.