Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyi arasında ölkədə idman qidaları, bioloji fəallığa malik qida əlavələrinin dövriyyəsi və istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin gücləndirilməsinə həsr edilmiş görüş keçirilib. Agentlikdən Foodinfo.az-a bildirilib ki, görüş çərçivəsində bioloji fəallığa malik qida əlavələrinin qeydiyyatı, ölkəyə idxalı, keyfiyyətə nəzarət mexanizmləri və pərakəndə satışı ilə bağlı mövcud vəziyyət, habelə effektiv nəzarət mexanizminin formalaşması üçün qanunvericiliyin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. AQTA-nın aparat rəhbəri Elxan Mikayılov ölkə əhalisinin sağlam qida ilə təmin edilməsi, sahibkarlıq subyektlərinin bu istiqamətdə təklif etdikləri məhsulların yalnız istehlakçı hüquqlarının qorunmaqla dövriyyəyə buraxılması və bu sahədə nəzarətin təşkili ilə bağlı Agentlik tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Görüşdə bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz istifadəsinin insan orqanizminə vura biləcəyi zərər və təhlükələr haqqında müzakirə aparılıb, məsələnin aktuallığına diqqət çəkilib. Həmçinin sözügedən qida əlavələrinin idxalı və satışına nəzarəti gücləndirmək üçün monitorinq və yoxlama tədbirlərinin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.