Düzgün qidalanma və aktiv həyat tərzi bir neçə həftə ərzində insanın bioloji yaşını beş il azalda bilər.

Publika.az xəbər verir ki, biologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor, N. İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin direktoru Aleksey Moskalev bu barədə III Beynəlxalq “Yaşlanmanın idarə edilməsi” konqresində danışıb.

Təcrübə üçün Moskalevin iştirakı ilə bir qrup alim 43 könüllü seçib. Onlardan iki həftə ərzində adi həyat tərzini dəyişmələri istənilib. Eksperiment iştirakçıları aşağı kalorili balanslaşdırılmış pəhrizə əməl ediblər, məşq ediblər və nəfəs məşqlərini yerinə yetiriblər. Moskalevin sözlərinə görə, tədqiqat iştirakçılarının sağlamlıq göstəriciləri nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

"Orta hesabla, proqram iştirakçılarının qan göstəriciləri baxımından bioloji yaşı iki həftə ərzində demək olar ki, beş il azalıb. Qlükoza səviyyəsi ilə qanda iltihabın göstəriciləri kimi, bədənimizin sistemlərinin necə işlədiyini əks etdirən parametrlər idarə olunan və başa düşüləndir. Orqanizmin qocalması hüceyrə səviyyəsində çoxlu sayda pozulmalara səbəb olan autoinflamatuar xəstəlik kimi qəbul edilməlidir. Buna görə də, qocalıqda insanlarda tez-tez ürək, damar və onkologiya ilə bağlı problemlər ortaya çıxır. Bununla belə, hər bir orqan fərqli şəkildə və öz vaxtında qocalır", - Moskalev qeyd edib.

Buna baxmayaraq, stresə tab gətirməsəniz, pəhrizinizi izləməsəniz və fiziki fəaliyyətlə məşğul olmasanız, bioloji yaşınızı sürətlə qocalda bilərsiniz. Həkimin sözlərinə görə, bütün bunlar mütləq bədənə təsir edəcək, əsas odur ki, belə qaydalar müvəqqəti deyil, həyatın bir hissəsinə çevrilməlidir.