İnsan orqanizminin nə vaxta qədər böyüdüyü çoxlarını maraqlandıran suallardandır. Mütəxəssislər bildirir ki, boy artımının müəyyən həddi var və bu proses sonsuz deyil.
Foodinfo.az Aif.ru saytına istinadla xəbər verir ki, endokrinoloq Aleksey Kalinçev qeyd edib ki, boy artımında əsas rol sümüklərin uclarında yerləşən “böyümə zonaları”na məxsusdur. Bu zonalar açıq qaldığı müddətdə sümüklər uzanmağa davam edir. Ən sürətli artım isə yeniyetməlik dövründə – böyümə hormonu və cinsi hormonların təsiri ilə baş verir.
Məlumata görə, qızlarda aktiv boy artımı adətən 10-12 yaşda başlayır və 11-13 yaşda pik həddə çatır. Oğlanlarda isə bu proses bir qədər gec – 12-14 yaşda başlayır, lakin daha uzun davam edir. Erkən cinsi yetkinlik boyun daha qısa qalmasına, gec yetkinlik isə daha hündür boya səbəb ola bilər.
Həkim vurğulayır ki, böyümə zonaları açıq olduğu müddətdə düzgün həyat tərzi mühüm rol oynayır. Xüsusilə keyfiyyətli yuxu (böyümə hormonunun böyük hissəsi gecə ifraz olunur), zülal, kalsium, sink və D vitamini ilə zəngin qidalanma, eləcə də müntəzəm fiziki aktivlik boy artımını dəstəkləyir.
Adətən qızlarda böyümə zonaları 16-18 yaşda bağlanır, nadir hallarda isə bu proses 18-19 yaşa qədər davam edə bilər. Oğlanlarda isə boy artımı 18-21 yaşa qədər sürür. Bəzi istisna hallarda bu müddət 23-25 yaşa qədər uzana bilər.
Mütəxəssis qeyd edir ki, böyümə zonaları tam bağlandıqdan sonra təbii yollarla boyu artırmaq mümkün deyil. Nə xüsusi məşqlər, nə pəhrizlər, nə də “möcüzəvi” vasitələr genetik olaraq müəyyən edilmiş həddi dəyişə bilmir.






