İşə velosipedlə gedib-gəlmək psixi sağlamlıq problemləri riskini azaldır.

Şotlandiyada yaşayan təxminən 380 min insan üzərində aparılan araşdırma bunu deməyə əsas verir.

Edinburq Universitetinin araşdırmasına görə, velosipedlə gediş-gəliş qadınlar üçün psixi sağlamlıq baxımından çox faydalıdır, lakin kişilər velosiped sürməyə daha çox meyillidirlər. Tədqiqatçılar 2011-ci ildə Şotlandiyada siyahıyaalma nəticəsində 16-74 yaş arasında olan 378 min 253 nəfər haqqında məlumatları növbəti beş ildəki qeydləri ilə birləşdiriblər. Sorğuda iştirak edən insanlar Edinburqda və ya Qlazqoda yaşayır, elə orada da işləyiblər, yaşadığı evlər velosiped yolunun təxminən iki kilometrliyində olub. Nəticədə müəyyən edilib ki, velosiped sürməyənlər ilə müqayisədə velosiped sürənlər arasında depressiya və ya narahatlıq problemləri 15 faiz azalıb. Məlumatlar göstərib ki, Qlazqoda sərnişinlərin cəmi iki faizi velosipedlə işə gedir, Edinburqda isə bu rəqəm beş faizdən bir qədər azdır.

Tədqiqata rəhbərlik edən Edinburq Universitetinin GeoElmlər məktəbinin professoru Chris Dibben bildirib ki, bu əlverişli və davamlı metodun psixi sağlamlığı yaxşılaşdırdığına dair araşdırma velosiped yollarına investisiya qoymaq və aktiv gediş-gəlişi təşviq etmək siyasətini dəstəkləyir. Bu, təkcə insanların psixi sağlamlığını yaxşılaşdırmır, həm də yol sıxlığını və havanın çirklənməsini azaltmağa kömək edə bilər.