Keniyada 20 il əvvəl pastor Pol Makkenzi tərəfindən yaradılmış “Xoş xəbərlər” beynəlxalq kilsəsinin üzvlərinin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində Keniyanın şərqində son üç gündə tapılan cəsədlərin sayı 47-yə çatıb. Onlar "dünyanın sonu"nun yaxınlaşdığını düşünüb və bu səbəbdən aclıq edib.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Qeyd olunub ki, Polis Malindi şəhəri yaxınlığında aparılan işləri davam etdirir.

Keniyanın dövlət televiziyası “KBC” isə bildirib ki, Malindi bölgəsində 58 məzar tapılıb, bəzilərində bir neçə nəfər basdırılıb. Artıq bəzi məzarlar polis ekspertləri tərəfindən açılıb, digərlərinə yaxın günlərdə baxış keçiriləcək.

Pastor Makkenzi dindarın "əbədi həyat" qazanmasının ən sürətli yolu kimi sərt aclıq formalarında israr etməsi ilə tanınır. 2017-ci ildən bəri Keniya məhkəmələri pastora qarşı müxtəlif ittihamlarla iddialar qaldırsalar da, o, azadlıqda qalmağa davam edib. Ötən ay isə o, iki uşağın aclıqdan ölümündə əli olmaqda şübhəli bilinərək həbs edilib.