Kodeks Alimentarius Milli Komissiyasının Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşən “CAREC ölkələrində kənd təsərrüfatı dəyər zəncirlərində beynəlxalq qida təhlükəsizliyi standartlarının gücləndirilməsi” layihəsi çərçivəsində növbəti seminarı keçirilib. Foodinfo.az xəbər verir ki, Agentliyin təşkilatçılığı ilə keçirilən seminarda aidiyyəti qurumlar, ali təhsil müəssisələri, sahibkarlıq  subyektləri və ekspertlər iştirak edib. Kodeks Alimentarius Komissiyasının ölkə üzrə milli əlaqələndiricisi, AQTA-nın Beynəlxalq əlaqələr və Protokol şöbəsinin müdiri Fuad Mərdiyev seminarda çıxış edərək, bu vaxta qədər Kodeks Alimentarius Milli Komissiyasının nəzdində “Qida məhsullarının etiketlənməsi və istehlakçılara qida ilə bağlı informasiyanın verilməsinə dair tələblər”, “Xüsusi təyinatlı qida məhsulları”, “Qida ilə təmasda olan material və məmulatlar”, “Bitki və heyvan mənşəli qida və yemlərdə pestisidlərin maksimum qalıq limitləri”, “Bioloji fəallığa malik qida əlavələri” üzrə müxtəlif  komitələr yaradıldığını seminar iştirakçılarının nəzərinə çatdırıb. Bildirilib ki, komitələr tərəfindən artıq bir sıra texniki normativ hüquqi aktların layihələri hazırlanıb. Seminarda  Kodeks Alimentarius Komissiyası tərəfindən qida təhlükəsizliyi qaydalarına edilən son dəyişikliklər barədə məlumatlar verilib. Daha sonra seminar iştirakçıları Kodeksin Qida Gigiyenası üzrə ümumi tətbiqetmə prinsiplərinin son versiyası ilə tanış olublar. Qeyd edək ki, Kodeks Alimentarius Komissiyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Birgə Qida Standartları Proqramı” çərçivəsində təsis edilmiş, 189 (188 üzv ölkə və bir təşkilat – Avropa İttifaqı) üzvü olan hökumətlərarası orqandır. Azərbaycan Respublikası 2011-ci ildən bu Komissiyanın üzvüdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Kodeks Alimentarius Komissiyasında Azərbaycan Respublikasının milli əlaqələndirici qurumu təyin edilib.