“Koronavirus bəzi risk qrupu olan uşaqlarda ağır keçir. 1 yaşdan kiçik uşaqlar, yanaşı xroniki xəstəliyi, böyrək, ürək, ağciyər, serebral iflic, xərçəng kimi xəstəliyi olan uşaqlar yeni növ koronavirusu ağır keçirə bilər. Həmçinin kök uşaqlar da arıqlara nisbətən koronavirusu daha çətin keçirirlər”.
Foodinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Baş pediatr Erkin Rəhimov "ARB24" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda bu virus uşaqlar arasında da yayılıb:
“Bunun bir səbəbi bütün dünyada peyvəndlərin böyüklərə şamil edilməsidir. Artıq bəzi ölkələrdə böyüklər tamamilə peyvəndlənib. Buna görə böyüklər daha az xəstələnməyə başlayıblar və uşaqlarda bu virus görünməyə başlayıb.
84-85 faiz uşaqlarda bu virus ya yüngül, ya da simptomsuz keçir. Qızdırma, öskürək, mədə-bağırsaq pozuntuları koronavirusun uşaqlardakı əlamətlərinə aiddir. Doğrudur, uşaqlar koronavirusu böyüklərə nisbətən yüngül keçirir, lakin bəzi uşaqlar arasında pisləşmələr müşahidə olunur və onlar xəstəxanaya yerləşdirilirlər. Bəzən valideynlər narahat olmurlar, düşünürlər ki, uşaqdırsa, virusu rahat keçirəcək. Əslində mütləq sadaladığım əlamətlər - iştahsızlıq, mədə-bağırsaq pozuntuları, qızdırma, öskürək olan uşaqlardan yaxma götürülməli, virus olduğu təsdiqlənməlidir. Ağciyələri yaxşıdırsa, evdə müalicə oluna bilər. Bol maye içmək uşaqların virusla mübarizədə əsas yoludur. Qızdırma yüksəkdirsə, o düşürülməlidir. Ailə boşuna antibiotiklər təyin etməməlidir. Viruslara qarşı göstərişlə xüsusi müalicə təyin oluna bilər. Ağırlaşma halı olarsa, uşaqlar xəstəxanaya yatırılmalıdır”.
E. Rəhimov qeyd edib ki, artıq bir neçə peyvənd, o cümlədən, “CoronaVac” və “Pfizer” peyvəndləri bəzi ölkələrdə uşaqlar üzərində sınaqdan keçirilib:
“Tədqiqat göstərib ki, “Pfizer” peyvəndi 12-15 yaş arası uşaqlarda effektli şəkildə tətbiq edilə bilər. Bu peyvəndin yan təsir profili böyüklərdən fərqli deyil, effektvlik isə böyüklərdəki kimidir. Bu peyvənd sentyabrın sonunadək daha dəqiq və ətraflı tədqiqatlarını açıqlayacaq. Biz də bunlara baxırıq, metodoloji olaraq doğru aparıldığına diqqət yetiririk və bizim həkim heyəti qərar versə, bizdə də bir neçə ay sonra uşaqlar peyvəndlənə bilər. Bu addımı atmadan öncə əmin olmalıyıq, əlimzidə çoxlu dəlil olmalıdır. Bunun üçün isə müəyyən vaxt lazımdır”.