Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant Müsabiqəsinin qalib layihələrindən olan "Məktəbli innovativ mühəndislər" layihəsinin açılış mərasimi keçirilib.
Foodinfo.az xəbər verir ki, açılış tədbiri Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində baş tutub.
Tədbirdə layihə rəhbəri, layihənin idarə heyəti, təhsil işçiləri iştirak edib.
Tədbirdə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin təhsil işləri üzrə müavini Müşfiq Dadaşov, Bəydili kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Əməkdar müəllim Aybəniz Əhədova, layihənin eksperti, Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Elçin Abbasov, layihənin təlimçisi, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin STEAM müəllimi Ruslan Həsənov və digərləri çıxış edərək layihənin şagirdlərimizə faydalı olacağından, kənd təsərrüfatında tətbiqlərinin faydalarından danışıblar.
Daha sonra layihə rəhbəri Vüsalə Pənahova layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.