Orqanizmin ehtiyac duyduğu vitamin və mineralların çoxu qidalardan, meyvə-tərəvəzlərdən alınır. Amma yemək hazırlayarkən, bişirərkən edilən bəzi xətalar qida dəyərinin azalmasına, hətta hamısının yox olmasına səbəb olur. Meyvə-tərəvəzlərin qida dəyərini qorumaq üçün nələrə diqqət olunmalıdır?
Foodinfo.az e-tibb.az-a istinadən xəbər verir ki, qidalanma və diet uzmanı Sıla Bilgili Tokgöz qidaların dəyərini aşağı salan 10 xətalı alşqanlıq barədə fikirlərini açıqlayıb. Onlar aşağıdakılardır:
- Meyvə və tərəvəzlərin qabığını soymaq
Bir çox vitaminlər meyvə və tərəvəzlərin qabıqlarında və qabığın altında toplanır. Ona görə də onların qabığını soymaq lazımdırsa, çox incə şəkildə etmək olar. Amma qabığı soymayanda meyvə və tərəvəzləri bol suda fırça ilə yumaq lazımdır.
- Meyvə və tərəvəzləri uzun zaman suda saxlamaq
Çiyələk, tut kimi meyvələri, ispanaq kimi göyərtiləri, eləcə də tərəvəzləri suda uzun zaman saxlamaq olmaz. Çünki bəzi vitaminlər suda həll olur, nəticədə onların qida dəyəri azalır.
- Göyərtiləri, tərəvəzləri suda bişirmək
Tərəvəzləri, göyərtiləri bişirəndə nə qədər çox su vurulsa, vitamin itkisi bir o qədər çox olur. Onsuz da ispanaq və çuğundur kimi göyərtilər, tərəvəzlərin su tərkibində çox yüksək miqdarda su var. Ona görə də göyərtiləri, tərəvəzləri suyu qoruya bilən dərəcələrdə, mümkün qədər heç su əlavə etmədən bişirmək lazımdır.
- Uzun müddət bişirmək
B və C vitamini kimi bəzi vitaminlər istidə asanlıqla yoxa çıxır. Ona görə də tərəvəzləri mümkün qədər qısa müddətdə və diri qalacaq şəkildə bişirməyə diqqət olunmaldır. Qazanın qapağını bağlı olaraq bişirəndə isə buxarlanma itmir və bişmə müddəti qısalır. Bu səbəbdən vitamin itkisi daha az olur.
- Yumurtanı uzun zaman qaynatmaq
Ən yüksək qida dəyəri olan yumurtanı uzun zaman qaynatmaq olmaz. Xüsusilə də yumurta sarısının çevrəsində yaşıl rəngdə dəmir-sulfid halqası yaranacaq həddə qaynatmaq olmaz. Dəmir-sulfid halqasının yaranması yumurtadakı dəmirdən faydalanmağı əngəlliyir. Amma yumurtanı biotin vitamininin yaxşı mənimsənilməsi və qida təhlükəsizliyi baxımından çiy də istifadə etmək olmaz. Ən ideal olan yumurtanı 4-7 dəqiqə qaynatmaqdır.
- Meyvə-tərəvzələri çox incə doğramaq
Qida dəyəri itkisinin əsas səbəbi oksigen, işıq və istidir. Meyvə və tərəvəzlərin iç hissələri oksigen və işıqdan qorunduğu halda kəsilən zaman onların təsirinə məruz qalır. Meyvə-tərəvəzlər nə qədər çox incə doğransa, vitamin və mineral tərkibləri o qədər azalır. Tərəvəzləri böyük parçalar halında və əzmədən doğramaq lazımdır ki, qida dəyərinin itkisi az olsun. Meyvə-tərəvəzləri kəsən kimi yemək, ya da sərin yerdə, qapalı qapda saxlamaq laımdır.
- Meyvə-tərəvəzlərin suyunu saxlamaq
Meyvə və tərəzələrin suyunu sıxdıqdan dərhal sonra istifadə etmək lazımdır, saxlamaq olmaz. Suyu sıxılan meyvə-tərəvəzlər işıq və oksigenlə təmasda olanda vitamin tərkibi itir.
- Quru paxlalıları süd məhsulları ilə birgə istifadə etmək
Mərcimək, noxud, lobya kimi quru paxlalıları süd məhsulları ilə birgə qəbul etmək dəmirin mənimsənilməsini azaldır. Bitki tərkibli dəmir qaynağı olan quru paxlalıları göyərtilər, bibər, limon kimi C vitamini qaynağı olan məhsullarla istifadə etmək dəmirin sorulmasını artırır.
9.Tərəvəzləri qapalı torbada saxlamaq
Tərəvəzlərin nəfəs almağa ehtiyacı var. Onları plastik torbalarda saxlayanda dəliklər açmaq lazımdır. Ən doğrusu bu məhsulları torlu torbalarda saxlamaqdır. Onların hamısını bir yerdə saxlamaq da sürətli şəkildə xarab olmasına yol açır.
- Tərəvəzləri qaynadıb suyunu atmaq
Tərəvəzlərin qaynadıldığı suyu atmaq düzgün deyil. C, B2 vitamini, fol turşusu kimi suda həll olan vitaminlərin böyük bir qismi suya keçdikləri üçün qida dəyərinin itkisi çok yüksək olur. Ona görə də tərəvəzlərin bişdiyi su şorbalara, yeməklərə, souslara qatıla bilər.