Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.
Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.
Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan sahəsində vəziyyətin nisbi gərginləşdirilməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan tərəfini təxribatlar törətməkdən, vəziyyətin gərginləşməsinə səbəb olacaq digər addımlardan çəkinməyə və məsuliyyətli davranmağa çağırırıq.