“İnsanların xeyli hissəsi kənd təsərrüfatı ilə bağlı verilən subsidiyaları ala bilmir. Aidiyyəti nazirliklər subsidiyalarla bağlı janqlyorluq edirlər”.
Foodinfo.az xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib.
Onun sözlərinə görə, nazirliklər subsidiya verən zaman torpaqların analizini tələb edir: “Bu, subsidiyanın yerdə qalan hissəsini kəndliyə verməmək üçün bəhanədirmi?! Bu, səriştəsizlikdir, ya Azərbaycan xalqının Vətən müharibəsində qazandığı ruh yüksəkliyini aşağı salmaq üçün tələdir?!”
Deputat, həmçinin yerlərdə turizmlə bağlı problemlərə toxunub: “Oğuzla Şəki arasında yolu dağıdıblar. 1 il keçib. Turizm sezonunun başlamasına baxmayaraq hələ tunelin sonunda işıq görünmür. Bir müddətdən sonra deyəcəklər ki, ayrılan vəsait kifayət etmir, yenə məsələ qalacaq Maliyyə Nazirliyinin üzərində. Büdcə müzakirəsi zamanı bu qurumlar da burada iştirak etməlidir, öz məsuliyyətlərini dərk etməlidirlər”.