Ölkəyə damazlıq və istifadə üçün idxal edilən iribuynuzlu heyvanlara dair bir sıra baytarlıq tələbləri var.

Foodinfo.az xəbər verir ki, ölkəmizə idxala ixracatçı ölkədə doğulmuş və yetişdirilmiş, bruselyoz, dabaq və xlamidioza qarşı peyvənd olunmamış və aşağıdakı yoluxucu xəstəliklərdən azad təsərrüfatlardan və inzibati ərazilərdən olan sağlam heyvanlara icazə verilir:

- BEB-in “Quruda Yaşayan Heyvanların Sağlamlıq Məcəlləsinin” tələblərinə uyğun olaraq iri buynuzlu heyvanların süngərvari ensefalopatiyasından;

- ölkə ərazisində son 12 ay ərzində - Şmallenberq xəstəliyindən, iribuynuzlu heyvanların kontagioz plevropnevmoniyasından, dabaq, vezikulyar stomatitdən;

- təsərrüfatın ərazisində son 3 il ərzində - bruselyoz, vərəm, leykoz, paratuberkulyoz və xlamidiozdan;

- təsərrüfatın ərazisində son 12 ay ərzində - infeksion keratokonyuktivit (pink-ay), virusli diareya, besnoitozdan;

- təsərrüfatın ərazisində son 24 ay ərzində - blutanqdan;

- təsərrüfatın ərazisində son 3 il ərzində - leptospirozdan;

- təsərrüfatın ərazisində son 20 gün ərzində - qarayaradan;

İxrac üçün seçilmiş heyvanların İBH-ın süngərvari ensefalopatiyası diaqnozu qoyulmuş heyvanlarla genetik cəhətdən əlaqəsi olmamalıdır.

Heyvanlara yemlərin hazırlanması zamanı gövşəyən heyvanların orqanları və toxumalarından istifadə edilmiş heyvan mənşəli yemlər verilməməlidir. Tərkibində gen mühəndisliyinin üsulları və ya digər genetik cəhətdən modifikasiya edilmiş mənbələr vasitəsilə istehsal edilmiş xammal tərkibli yemlərlə yemləndirilməmiş olmalıdır.Tərkibində gen mühəndisliyinin üsulları və ya digər genetik cəhətdən modifikasiya edilmiş mənbələr vasitəsilə istehsal edilmiş xammal tərkibli yemlərlə yemləndirilməmiş olmalıdır.

Damazlıq heyvanlar təbii və sintetik estrogenlərin, hormonal maddələrin və preparatların təsirinə məruz qalmamalıdır.

Azərbaycan Respublikasına göndərilməsi üçün seçilmiş heyvanlar 21 gündən az olmayaraq ixracatçı-ölkənin karantin məntəqələrində saxlanılır.

Karantində saxlanılan zaman seçmə üsulu ilə termometriya ilə birgə kliniki müayinə aparılır. Bu müddətdə, bruselyoza, vərəmə, paratuberkulyoza, leykoza, trixomonoza, kampilobakterioza, xlamidioza, şmallenberq virusuna (PZR və ELİZA üsulu ilə), ku-qızdırmasına, idxalçının tələbi ilə isə digər yoluxucu xəstəliklərə görə BEB tərəfindən tövsiyə edilmiş üsullarla dövlət baytarlıq laboratoriyasında diaqnostik müayinələr aparılır. 

İxracatçı ölkənin rəsmi qaydada azad olduğu xəstəliklər üzrə müayinələr Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu barədə belə qərar qəbul etdiyi təqdirdə aparıla bilər. 

2-14 gün müddəti ərzində profilaktik dehelmintizasiya aparmaqla leptospiroz, ektoparazitlər, dərialtı mozalana (əlamətlərinə görə) qarşı təmizləyirlər.

Əgər karantin müddəti ərzində diaqnostik müayinələr nəticəsində ayrı-ayrı heyvanlarda müsbət (seroloji, allergik və digərləri) meydana çıxarsa, bu barədə məlumat dərhal təkrar müayinələrin aparılması və ya həmin heyvanın və ya karantində olan bütün heyvanlar partiyasının idxalına qadağanın qoyulması haqda qərar qəbul edə bilən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nəzərinə çatdırılmalıdır.  

Nəqliyyat vasitələri ixracatçı-ölkədə qəbul edilmiş qaydalara uyğun işlənilir və hazırlanır.

Hazırki tələblərdə göstərilmiş şərtlərin yerinə yetirilməsi diaqnostik müayinələrin və peyvəndlərin aparıldığı tarixlərin göstərildiyi ixracatçı-ölkənin dövlət baytar həkimi tərəfindən imzalanmış, ona aydın olan dildə və İngilis dilində tərtib olunmuş baytarlıq sertifikatları ilə tam təsdiq olunmalıdır.

Heyvanların ölkəmizə göndərilməsi üçün yüklənilməsi yalnız idxalçı tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən icazənin alınmasından sonra mümkündür. 

Azərbaycan ərazisinə tədarük edildikdən və dövlət sərhəd baytarlıq nəzarətindən keçdikdən sonra heyvanlar 30 gün müddətinə xüsusi hazırlanmış yerlərdə karantində saxlanılır və bu müddət ərzində Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında zəruri diaqnostik müayinələr, işləmələr və peyvəndləmələr aparılır.