Peyvənd vurdurandan sonra qidalanmada zülal, mineral, yağ və vitaminlər vəhdət təşkil etməlidir. Həkimlər xüsusi olaraq vurğulayırlar ki, həmin prosedurdan sonra qida rasionuna daxil edilən ərzaqlar düzgün seçilməlidir.
Foodinfo.az Publika.az-a istinadən xəbər verir ki, əsas olaraq müntəzəm və düzgün şəkildə su qəbul edilməlidir. Suya zəncəfil, nanə, yaşıl alma, darçın və iki-üç dilim limon əlavə edərək içilməsi immun sistemi üçün çox faydalıdır. Həkim-terapevtin dediyinə görə, bu, həmçinin mədə-bağırsaq sisteminə də müsbət təsir edir. Bundan başqa həkimlər qeyd edirlər ki, pandemiya dövründə immun sistemini gücləndirən qidalara daha çox üstünlük verilməlidir.
Həkim-diyetoloq Ləman Süleymanova deyib ki, peyvənddən sonra çoxlu tərəvəzlər qəbul edilməlidir:
"Həmçinin vitaminlərlə zəngin və mövsümə uyğun olaraq meyvələrdən istifadə edilməsi məqsədəuyğundur. Ət məhsulları, toyuq, balıq məhsulları və göyərtilər mütləq şəkildə rasiona daxil edilməli, xüsusilə tərkibində S vitamini olan qidalara üstünlük verilməlidir. D vitamini olan qidaların - göbələk, kərə yağı, yumurta, avokado və s. də qəbulu məsləhətdir”.
Kişmiş, kəvər, göy və qırmızı soğan, sarımsaq, brokkoli və gül kələmi də vitaminlərlə zəngin qidalardır. Peyvənd olunanların xüsusilə spirtli içkilərdən uzaq olması, fast-fud, şirniyyat və un məmulatlarından mümkün qədər az istifadə etməsi tövsiyə olunur.
“Yağlı, qızardılmış və qurudulmuş qida məhsullarının qəbulunu məhdudlaşdırmaq lazımdır. Qaynadılmış, buxarda bişirilmiş, kabab formasında olan məhsullardan rahat şəkildə istifadə etmək olar. Normal yuxu rejimi və stresdən uzaq olmaq da peyvənddən sonra yaxşı təsir göstərir”, - deyə həkim-diyetoloq bildirib.
Zülalların kifayət qədər qəbulu da əsas amillərdəndir. Bu baxımdan balıq, pendir, lobya, mərcimək, noxud və çərəzlərin yeyilməsi məsləhətdir. Orqanizmdə xəstəliklərin yaranmaması üçün gündəlik qidalanma normasını gözləmək və ona əməl etmək lazımdır.