Qaraciyərin piylənməsi xəstəliyinin erkən mərhələlərində bu orqanı müdafiə edən NOX4 zülalının miqdarı artır, daha sonra bu göstərici aşağı düşür və nəticədə həyat üçün təhlükəli olan ağır fəsadlara gətirib çıxarır. Bu vəziyyətin qarşısını NOX4 zülalına hədəflənən dərmanlar ala bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə tədqiqat “Journal of Clinical Investigation”də (JCI) dərc olunub.
Piylənmənin və diabetin artımı qaraciyərin piylənməsi xəstəliyinin epidemiyasına gətirib çıxarır. Bu xəstəlikdən dünya əhalisinin 20-30 faizi əziyyət çəkir. Onların təxminən üçdəbirində xəstəliyin vaxtında müalicə edilməməsi forması – qaraciyər sirrozu və qaraciyər xərçənginədək irəliləyə biləcək alkoqolsuz steatohepatitdir. Yeni tədqiqatda alimlər niyə insanların bəzilərinin qaraciyərində yüksək səviyyədə piyin olmasına baxmayaraq nisbətən sağlam qalmalarını, digərlərinin isə təhlükə altında olduqlarını öyrəniblər.
Bioloqlar aşkarlayıblar ki, piylənmə olan siçanlarda NOX4 zülalının çıxarılması steatohepatitə və qaraciyərin zədələnməsinə gətirib çıxarır. Əksinə, bu zülalın süni şəkildə artırılması qaraciyəri qoruyur. Məlum olub ki, qaraciyər ilk dəfə piy toplamağa və öz müdafiəsi üçün mürəkkəb proqramı aktivləşdirməyə başlayanda NOX4-ün miqdarı yüksəlir. Yalnız NOX4-ün miqdarı aşağı düşəndə və bu adaptiv proqram pozulanda pasiyentlərdə steatohepatit inkişaf edir.
Bundan əvvəlki tədqiqatlar göstərib ki, skelet əzələlərində və ürəkdə məşqdən sonra NOX4 zülalının miqdarının artması onu zədələrdən müdafiə edir və yaşlanma ilə bağlı maddələr mübadiləsinin pozulmasını aradan qaldırır. NOX4 zülalının aktivliyini artıran birləşmələr təbiətdə xaççiçəklilər fəsiləsinə aid tərəvəzlərin - brokkoli və kələmin tərkibində olur.