Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun rəhbərliyi və əməkdaşları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda görüş keçiriblər. Foodinfo.az xəbər verir ki, İnstitutun nümayəndələri ilə keçirilən görüş çərçivəsində qurumlar arasında əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Əhalinin qida təhlükəsizliyi sahəsində birgə tədris proqramları və tədris materiallarının hazırlanması, mütəxəssislərlə bağlı məlumat bankının yaradılması, birgə konfrans və seminarların, “dəyirmi masa” və təqdimatların, mühazirə və təlimlərin təşkili, sosioloji sorğuların aparılması, intellektual müsabiqələrin və bilik yarışlarının keçirilməsi, sosial yönümlü video-çarxların, qısametrajlı sənədli filmlərin hazırlanması və ölkə ərazisində nümayişi, tədqiqat proqramlarının və layihələrin tərtib edilməsi, istehsalçılar və istehlakçıların maraqlarının müdafiəsi ilə bağlı tədbirlərin təşkili, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi, müvafiq məlumat bankının yaradılması ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi Memorandumun əsas istiqamətləri sırasındadır. Qida Təhlükəsizliyi İnstitutu İdarə Heyətinin sədri Sadiq Məmmədov tədbiri açaraq, qonaqları salamlayıb və tərəflərin fəaliyyətində eynilik təşkil edən məqamlardan söz açıb. Hər iki qurumun strategiyasının əsasında maarifləndirmə siyasətinin prioritet olduğunu xatırladan sədr təhlüksəiz qidalardan düzgün istifadə etmə qaydaları, belə qidaların növləri, tərkibi barədə məlumatların əhaliyə düzgün və dolğun çatdırılamsında, əhalinin dövlətin bu sahədə həyata keçirdiyi islahatların mahiyyəti ilə bağlı maarifləndirilməsində birgə fəaliyyətə ehtiyac olduğunu diqqətə çatdırıb, belə bir əməkdaşlığın rəsmi təməlinin qoyulması hadisəsindən məmnun olduqlarını söyləyib. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında yeni ildə ilk əməkdaşlıq sazişinin Qida Təhlükəsizliyi İnstitutu ilə imzalandığını diqqətə çatdıraraq, uğurlu başlanğıcın səmərəli nəticələr verəcəyinə əminliyini vurğulayıb. Fondun gördüyü işlər barədə ümumi məlumat verən Oktay Səmədov bu günə qədər 50-dən çox müəssisə və təşkilatla əməkdaşlıq sazişi imzaladıqlarını,10 bölgədə Bilik evlərinin, 76 şəhər və rayonda Fond nümayəndələrinin fəaliyyət göstərdiyini qeyd edib, Qida Təhlükəsizliyi İnstitutunun bölgələrdəki laboratoriyaları ilə Bilik evlərinin yerli əhalinin maarifləndirilməsi istiqamətində birgə və ahəngdar fəaliyyətinin faydalı olacağına əmin olduğunu bildirib. İcraçı direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sağlam qidalanmasına böyük önəm verdiyini, bu istiqamətdə görülən işlərə xüsusi diqqət göstərdiyini, qida təhlükəsizliyinin milli təhlükəsizliyin tərkib hissəsi kimi dəyərləndirdiyini vurğulayıb. Gələcəkdə gerçəkləşəcək birgə layihələrin mahiyyəti məhz bu amillərə əsaslanmalı, hər bir fərdin sağlam qidalanmasında maarifçilik hərəkatının üzərinə böyük məsuliyyət düşdüyünü unutmamalıyıq. Oktay Səmədov fəaliyyət planında əksini tapa biləcək müddəlardan söz açıb, bir neçə təkliflər səsləndirib. Tərəflər arasında Anlaşma memorandumu imzalandıqdan sonra İnstitutun İdarə Heyətinin sədri Sadiq Məmmədov tərəfdaş qurumun rəhbərinin görüşdə səsləndirdiyi fikirlərlə tam razı olduğunu, fəaliyyətin konkret plan üzərində qurulmasının müsbət nəticələr verəcəyinə, əhalinin birgə layihələrdən yüksək səviyyədə faydalanacağına inandığını qeyd edib. Görüş tərəflərin fikir mübadiləsi ilə yekunlaşıb.