
Kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması və ixracatçı sahibkarlara dəstək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən növbəti maarifləndirici təlim keçirilib. Təlim zamanı bitkiçilik məhsullarının ixracı prosesində sahibkarların diqqət etməli olduqları əsas məqamlar izah olunub. Qeyd olunub ki, ixrac təyinatlı məhsul yetişdirən sahibkarlıq subyektləri öz bitkiçilik təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınmasını təmin etməlidir.
Bu barədə Foodinfo.az-a institutdan məlumat verilib.
Qeydiyyatın əsas məqsədi təsərrüfatların fəaliyyətini qanuni şəkildə tənzimləmək, bitki xəstəlikləri və zərərvericilərlə mübarizəni gücləndirmək, eləcə də məhsulların ixraca yararlılığını təmin etməkdir. Qeydiyyatsız təsərrüfatlardan ixrac edilən məhsulların mənşəyi məlum olmadığı üçün bəzi hallarda qarşı ölkələr tərəfindən ixraca məhdudiyyətlər tətbiq olunur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qeydiyyata alınmış təsərrüfatlarda monitorinqlər həyata keçirir, sahibkarlara zərərvericilərlə mübarizə üsulları və bitki mühafizə vasitələrinin düzgün istifadəsi ilə bağlı metodiki təlimatlar təqdim edir.
Vurğulanıb ki, təsərrüfatlarda bitki mühafizə tədbirlərinin düzgün təşkili də prioritet istiqamət olmalıdır. Xüsusən də idxalçı ölkə üçün karantin əhəmiyyətli bütün orqanizmlər nəzarətdə saxlanılmalı, məhsulda pestisid qalığı probleminin yaranmaması üçün pestisidlərdən istifadəyə dair təlimatlara riayət edilməli, mümkün hallarda bioloji mübarizə üsullarına üstünlük verilməlidir. Təlim zamanı iştirakçılara ölkələrin idxal karantin tələbləri, ixrac partiyalarının formalaşdırılması, eyni zamanda sertifikatlaşdırma məsələləri və bildiriş doğuran səbəblər ətraflı şəkildə izah olunub.

