Aromaterapiya yağlarının istifadəsi son illər həm sağlamlıq, həm də psixoloji rahatlıq axtaranlar arasında sürətlə artıb. Efir yağları bitkilərin çiçək, yarpaq və qabıqlarından əldə olunan yüksək konsentrasiyalı təbii maddələrdir və onların təsir dairəsi olduqca genişdir.

Foodinfo.az xəbər verir ki, aromaterapiya yağlarının ən çox istifadə olunduğu sahələrdən biri stress və həyəcanın azaldılmasıdır. Lavanda, çobanyastığı və bergamot kimi yağların sinir sistemini sakitləşdirdiyi, gərginliyi azaltdığı və emosional tarazlığı bərpa etdiyi vurğulanır. Həmçinin bu yağlar yuxu problemləri yaşayan insanlar üçün də faydalı hesab olunur.

Diqqət və enerji çatışmazlığından şikayətlənənlərə də aromaterapiya yağları tövsiyə olunur. Nanə, limon və rozmarin yağlarının diqqət və hafizə üzərində müsbət təsir göstərdiyi qeyd edilir. 

Baş ağrısı və miqrenlə bağlı aparılan müşahidələr isə nanə və lavanda yağlarının gicgah nahiyəsinə tətbiq edildikdə ağrıların zəifləməsinə kömək etdiyini göstərir.

Aromaterapiya yağlarının fiziki sağlamlığa təsirləri də diqqətdən kənarda qalmır. Çay ağacı və ekalipt yağı antibakterial və antiviral xüsusiyyətləri ilə infeksiyalar və soyuqdəymə zamanı dəstək olur.

Eyni zamanda rozmarin və ardıc yağları əzələ ağrılarını yüngülləşdirmək üçün masajda istifadə edilir.

Ev şəraitində də geniş tətbiq olunan efir yağları dezinfeksiyaedici təsiri sayəsində havanı təmizləyir, xoş qoxu yaradır və məişətdə təbii alternativ kimi çıxış edir.

Aromaterapiya yağlarının istifadəsi zamanı doza və düzgün tətbiq üsullarına diqqət edilməlidir. Xüsusilə həssas dəriyə malik şəxslərə yağları seyreltmədən istifadə etməmək tövsiyə olunur.