Dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə yaradılan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında qida sektoru üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, iclasda Məşvərət Şurasının üzvləri ilə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan mövzular müzakirə olunub. 

İclasda qida məhsullarının satışı bazarları qarşısında duran çətinliklər, kənd təsərrüfatı məhsullarının satış və qablaşdırılması üçün mexanizmin formalaşdırılması, heyvanların identifikasiyası, ixrac olunan fitosanitar məhsulların beynəlxalq tələblərə uyğunluğu, pestisidlər və aqrokimyəvi maddələrin izlənmə sisteminin qurulması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 

Həmçinin təhsil müəssisələri və xəstəxanalarda qida normalarının tətbiqi ilə bağlı qanunvericiliyin tələbləri Şura üzvlərinin diqqətinə çatdırılıb. Laborator müayinələrin müddəti və risklərin qiymətləndirilməsi, müəssisələrdə HACCP sisteminin tətbiqi, dönər emalı və satışı müəssisələrində mövcud problemlər və onların həlli, eyni zamanda istehlakçıların maarifləndirilməsi zamanı birgə fəaliyyətlərin həyata keçirilməsi üçün təkliflər nəzərdən keçirilib.