İşğaldan azad edilmiş ərazilərin fermer təsərrüfatlarında saxlanılan xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq, laborator müayinələrin aparılması məqsədilə iri və xırdabuynuzlu heyvanlar, donuzlar, arı ailələri və atlardan diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. 

Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və işğaldan azad edilmiş rayonların Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak edəcəklər.

AQTA-dan Foodinfo.az-a bildirilib ki, monitorinqlər iyulun 14-24-də baş tutacaq.

Tədbir zamanı götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq. Əldə edilmiş məlumatlar heyvan xəstəliklərindən azad zonanın yaradılması üçün tərtib olunan hesabata daxil ediləcəkdir.