COVID-19 pandemiyası dövründə müşayiət olunan vaksinasiyanın miqyasının azalması ilə əlaqədar olaraq, Avropa və Mərkəzi Asiyada qızılcaya yoluxma hallarının sayı artır. QPM (qızılca, parotit və məxmərək əleyhinə vaksin) vaksini vasitəsilə tam vaksinasiyadan keçməmiş uşaqlar hələ də yüksək dərəcədə qızılca virusuna yoluxma riskinə məruzdurlar, bu da pnevmoniyanın inkişafına, ömürlük beyin zədələnməsinə, eşitmə qabiliyyətinin itirilməsinə və hətta ölümə gətirib çıxara bilər.

Bütün dünyada həkimlərin və alimlərin böyük əksəriyyəti QPM vaksinasiyasını tövsiyə edir və uşağı qızılca, parotit və məxmərəkdən müdafiə etməyə kömək edəcək vaksinin təhlükəsizliyinə və effektivliyinə etibar edir. UNICEF qızılca, parotit və məxmərək, QPM vaksini ilə bağlı sualları cavablandırıb. Foodinfo.az bu maarifləndirmə materialını təqdim edir.

Qızılca nədir?

Qızılca – virusun səbəb olduğu çox yoluxucu xəstəlikdir. O, yoluxmuş insanın öskürdüyü və ya asqırdığı zaman ötürülə bilər. Digər insanlar yoluxmuş hava ilə nəfəs aldıqda və ya yoluxmuş səthə toxunduqda, daha sonra isə gözlər, burun və ya ağızlarına əl vurduqları halda yoluxa bilərlər.

Qızılca virusu havada iki saatadək yaşaya bilər. O, o qədər yoluxucudur ki, bir nəfərin yoluxduğu təqdirdə onu əhatə edən immuniteti zəif olan insanların 90 faizinə qədəri yoluxacaq.

Bir çoxlarına qızılca yoluxmuş insanın dərisində olan səpgi ilə tanışdır, lakin bu xəstəlik, həmçinin yüksək temperatur, öskürək və zökəmlə müşayiət oluna bilər. Ağır hallarda qızılca pnevmoniya, respirator və nevroloji ağırlaşmaların inkişafı və hətta ölümlə nəticələnir.

Qızılcanın simptomları virusla təmasdan 7-14 sonra peyda olur və adətən yüksək temperatur, öskürək, zökəm və sulu gözlər şəklində özünü büruzə verir. Qızılcada səpgi ilk simptomların yaranmasından 3-5 gün sonra olur.

Uşağı qızılcadan müdafiə etmək üçün ən yaxşı üsul onu QOM vaksini ilə təmin etməkdir.

Parotit nədir?

Parotit də çox yoluxucu virus xəstəliyidir, ona bizim yanımızda asqıran və ya öskürən yoluxmuş insandan yoluxmaq olar. Bundan başqa, xəstəlik yoluxmuş insan burun və ya ağıza əl vurub, daha sonra başqasının toxuna biləcəyi səthə toxunduğu halda ötürülə bilər.

Simptomlar çox vaxt zəif şəkildə ifadə olunur və adətən bir neçə gündən sonra özünü göstərir. Onlardan ən çox gözəçarpanı şişmiş yanaqlar, qulaq və çənə arasındakı bölgədə boyun ağrısıdır. Digər simptomlar arasında başağrısı, temperaturun cüzi artması, iştahasızlıq, boğaz ağrısı və çeynəmə zamanı ağrıdır.

Lakin parotit eşitmə qabiliyyətinin itirilməsi, ürək problemləri, beyin və onurğa beyninin zədələnməsi də daxil olmaqla, ciddi ağırlaşmalara da gətirib çıxara bilər. Parotit müalicə olunmur.

Uşaqları parotitdən müdafiə etməyin ən yaxşı yolu onların peyvənd olunmasını təmin etməkdir. QPM vaksini uşaqlarımızı təkcə bir inyeksiya vasitəsilə tam üç xəstəlikdən müdafiə etməyə qadir olan son dərəcə təhlükəsiz birləşdirilmiş vaksindir.

Zəhmət olmasa, uşağınızı milli profilaktik peyvəndlər təqviminə uyğun olaraq təhlükəli xəstəliklərdən vaxtında peyvənd edin, parotit və QPM vaksini ilə bağlı sualınız yarandıqda, uşağınıza nəzarət edən həkimə müraciət edin.

Məxmərək nədir?

Məxmərək yoluxucu virus infeksiyasıdır. Buna yaxınlıqda yoluxmuş insan öskürdüyü və ya asqırdığı halda yoluxmaq olar. Bundan başqa, xəstəlik yoluxmuş insanın səthə toxunduqdan sonra başqasının həmin səthə toxunaraq, daha sonra isə gözlər, ağız və ya buruna toxunduğu halda ötürülə bilər.

Əvvəllər məxmərək “alman qızılcası” adlanırdı, bəzi insanlar onu bu gün də belə adlandırmaqda davam edir, baxmayaraq ki, o qızılcaya səbəb olan eyni virusdan qaynaqlanmır.Məxmərəyə yoluxmuş kiçik yaşlı uşaqlarda adətən 2-3 həftədən sonra yaranan yüngül simptomlar müşayiət olunur. Ən çox yayılmış simptom bədənin ayrı-ayrı yerlərində qırmızı səpgidir. Digər simptomlar cüzi temperatur artımı, ürəkbulanma və yüngül konyunktivitdir.

Bu virusa qarşı peyvənd olunmayan hamilə qadınlar və onların inkişaf edən dölü üçün isə məxmərək ciddi təhlükədir. Bütün qadınların hamilə qaldıqdan əvvəl məxmərəkdən müdafiə olunması çox vacibdir. Ananın erkən hamiləlik dövrlərində, xüsusən ilk 12 həftə ərzində (birinci trimestrdə) yoluxma halında məxmərək ən ciddi zədələnmələrə səbəb olur.

Məxmərəyə yoluxmuş peyvənd olunmayan hamilə qadınlar uşaqsaldırma və ya ölü uşaq dünyaya gətirmə riskinə məruz qalırlar. Onların inkişafda olan dölü eşitmə pozuntusu, göz və ürək qüsurları, autizm, şəkərli diabet və qalxanvari vəzi problemləri kimi digər ömürlük funksional çatışmazlıqlar da daxil olmaqla, ciddi anadangəlmə qüsurlara məruz qalmaq riski altındadırlar.

Özünü məxmərək və onun fəsadlarından müdafiə etməyin ən yaxşı yolu peyvənd olunmaqdır. Zəhmət olmasa, vaksinasiyanı ötürməmək və bu məsələdə gecikməmək üçün milli profilaktik peyvəndlər təqvimini izləyin, məxmərək ilə bağlı suallarınız qalıbsa, uşağınıza nəzarət edən həkimə müraciət edin.

QPM vaksini nədir?

QPM vaksini uşaqları qızılca, parotit və məxmərəkdən (QPM) qorumağa kömək edir. Bu xəstəliklər onların sağlamlığına ciddi zərər vura və hətta ölümlə nəticələnə bilər. Məhz buna görə onlara qarşı vaksinasiya uşaqların sağlam və müdafiə olunmuş şəkildə böyüməsi üçün bu qədər vacibdir!

QPM vaksini 1970-ci illərdən istifadə olunur və bütün dünyada 500 milyondan çox uşağa uğurla tətbiq edilib. O, bir iynə vasitəsilə üç xəstəlikdən müdafiəni təmin edir. Bunun sayəsində bizim uşaqlarımıza daha az inyeksiya tələb olunur! Bundan başqa, iynələrin sayı azalırsa, bu, o deməkdir ki, uşaqlar daha az ağrı hiss edəcəklər, biz isə daha az stres keçirəcəyik.

QPM vaksini iki dozada tətbiq edilir. Onlardan birincisi uşağın bir yaşı tamam olandan sonra (12-15 ayında), ikincisi isə 5-6 yaşında tətbiq edilir.

Unutmayın ki, uşaqlarımızı peyvənd etməyərək, onları əzab, xəstəxanaya yerləşdirmə və hətta ölümlə nəticələnə biləcək təhlükəli xəstəliklərin inkişaf riskinə düçar edirik. Zəhmət olmasa, ölkənizdə qəbul edilmiş normalara uyğun olaraq uşağınıza QPM peyvəndini nə zaman vurmaq lazım olduğunu bilmək üçün milli profilaktik peyvəndlər təqvimini yoxlayın.

QPM vaksini hansı mümkün kənar təsirlərə səbəb ola bilər?

İstənilən digər vaksin və ya dərman preparatı kimi, QPM vaksini bəzi kənar təsirlərə səbəb ola bilər, lakin onlar əksər hallarda yüngül və müvəqqəti xarakter daşıyır.

QPM vaksininin ciddi kənar təsirlərinə nadir hallarda rast gəlinir, eyni zamanda, qarşısını aldığı xəstəliklərlə bağlı risklər isə xeyli yüksəkdir.

QPM vaksininin ən çox yayılmış kənar təsirləri inyeksiyadan sonra əl ağrısı, temperaturun yüksəlməsi, yüngül səpgi, eləcə də müvəqqəti əzələ ağrısı və sərtliyidir. Bir qayda olaraq, həkimin məsləhəti ilə reseptsiz ağrıkəsici preparatlar qəbul edərək və ya inyeksiya yerinə soyuq kompres qoyaraq, onların öhdəsindən ev şəraitində gəlmək olar.