Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, “Leyla Medical Center”də  Yenidoğmuşlar və pediatriya şöbəsinin uşaq cərrahı, tibb üzrə fəlsəfə doktoru, Op.Dr. Gündüz Ağayev uşaqlar arasında rast gəlinən cərrahi xəstəliklərlə bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb. 
- Ən çox hansı xəstəliklərlə bağlı sizə müraciətlər olunur?
- Müxtəlif xəstəliklərlə bağlı müraciətlər var. Ən çox uşaqlarda qəbizlik problemləri, qasıq yırtığı diaqnozu, xayaların patologiyası ilə bağlı müraciətlər olur. Həmçinin qida borusu patologiyası ilə bağlı müraciət edənlər də çoxdur.
- Qida borusu patologiyayalarından söz düşmüşkən, Azərbaycanda qida borusu qüsurları ilə doğulanlara rastlanma faizi necədir? Bu problem əməliyyatla tam olaraq aradan qaldırılırmı?
- Hər 4-5 min uşaqdan birində bu xəstəliyə rast gəlinir. Azərbaycanda hər il təxminən 30-35 belə xəstə olur. Əksər hallarda problemi cərrahi müalicə ilə həll etmək olur. Bəzi uşaqlarda yanaşı ağır qüsurlar da olur, yaxud vaxtından çox tez doğulubsa, belə problemlər çox yaranır. Ölüm faizi yüksək olur. Amma əksər hallarda problemi həll etmək olur və uşaqlar sağalırlar.
- Qida borusu qüsurları dedikdə nə başa düşülür?
- Qüsur dedikdə anadangəlmə inkişaf qüsurları başa düşülür. Bətndaxili inkişaf dövründə hansısa bir səbəbdən orqanın formalaşması pozulur, ona görə də qüsur meydana çıxır.
- Yenidoğulmuş uşaqlarda cərrahi müdaxilə vacib olan hansı patologiyalara rast gəlinir?
- Yenidoğulanlarda ən çox rast gəlinən qüsurlar qida borusunun, bağırsaqların atreziyalarıdır. Bunlar anadangəlmə qüsurlardır. Başqa qüsurlara nisbətən az rast gəlinir. Qida borusunun atreziyasının müalicə faizinə görə, müalicə olunan xəstələrin sayına görə, ölkələrdə uşaq cərrahiyyəsinin inkişaf səviyyəsini müəyyən etmək olar. Sağalma faizi nə qədər çoxdursa, demək uşaq cərrahiyyəsi bir o qədər yaxşı inkişaf edib. Uşaq cərrahiyyəsi dedikdə təkcə cərrahları nəzərdə tutmuruq. Çünki bu uşaqları tək müalicə etmək mümkün deyil. Burada komanda olmalıdır: uşaq cərrahı, reanimatoloq, anestezioloqun üçünün bir yerdə işi olmalıdır ki, uşalar sağalsınlıar. Tək əməliyyat eləməklə iş qurtarmır. Yüksək səviyyədə reanimasiya, intensiv terapiya olmalıdır, anesteziologiya xidməti olmalıdır. Həmçinin başqa xidmətlər də olmalıdır, çünki uşaqlarda həmin problemlə yanaşı qüsurlar da ola bilər. Ən çox rast gəlinən qüsur ürək qüsurlarıdır.
- Qeyd etdiniz ki,​ qida borusunun atreziyası xəstəliyinin müalicə faizinə görə ölkələrdə uşaq cərrahiyyəsinin inkişaf səviyyəsini müəyyən etmək olar. Ölkədə bu sahədə vəziyyət necədir?
- Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci ildə verdiyi məlumata görə, Azərbaycan 200-dən çox dövlət arasına neonatologiyanın inkişaf sürətinə görə 9-cu yeri tutur. Yəni neonatologiya, yenidoğulmuşlara xidmət bizdə sürətlə inkişaf edir. Bizdə bu istiqamətdə çox böyük işlər görülüb, nəticələr də get-gedə çox böyük sürətlə yaxşılaşır. Təxminən 15 il əvvəl qida borusundan ölüm faizi az qala 99 faiz idi. Bir faiz də gedib Moskvada, Leninqradda sağalırdı. İndi bu təxminən 50 faizdən yuxarıdır.
- Elə xəstəliklər varmı ki, əvvəllər onun cərrahi həlli yox idi, ölümlə nəticələnirdi, artıq müasir tibbdə onu əməliyyatla aradan qaldırmaq olur?
- Uşaqlar arasında elə xəstəliklər var idi ki, onlar cərrahi əməliyyat olunurdular, amma çox yüksək ölüm faizi olurdu. Təxminən 60-cı illərdən - neonatologiya inkişaf etdikdən sonra sağalma faizi sürətlə yüksəlməyə başladı. Problemlər çoxdur, elə qüsurlar ki, hazırda ölüm faizindən o qədər də söhbət getmir. Çünki əgər müştərək ağır qüsurları yoxdursa, xəstələrin böyük əksəriyyəti sağ qalırlar. İndi söhbət həyat keyfiyyətindən gedir. Gələcəkdə həmin xəstə necə yaşayacaq, sosial uyğunlaşma gedəcəkmi?
Düz bağırsaqda anusun inkişaf qüsurları, qızlarda uşaqlığın inkişaf qüsurları və s. belə xəstəliklərdəndir. Uşaqların böyük əksəriyyəti sağ qalırlar. Söhbət ondan gedir ki, gələcəkdə həmin orqanların funksiyası necə olacaq. Normal həyat tərzi keçirəcəklərmi, məktəbə, instituta gedə biləcəklərmi? Evlənə biləcəklərmi?. Hər sahədə olduğu kimi tibb də sürətlə inkişaf edir. Yəqin ki, yeni üsullar da çıxacaq və bu məsələlər də öz həllini tapacaq.
- Doktor, sizin elmi cərrahiyyə jurnallarında məqalələriniz çap olunur. Bu barədə də məlumat vermənizi istərdik.
-  “Cərrahiyyə” jurnalında çap olunan axırıncı məqaləm qida borusunun atreziyası ilə bağlıdır. Orada 240-a yaxın xəstənin müalicə nəticələrinin təhlili və ədəbiyyat məlumatlarına əsasən, müasir dövrdə bu patologiyanın cərrahi əməliyyatında hansı meyillərin olmasına həsr olunub. Hansı təzə prinsiplərin yarandığı, qida borusunun atreziyasında müasir dövrdə olan yeniliklərdən söhbət açılır. Çünki  texnologiyalar inkişaf elədikcə, təkcə müalicə sahəsində yox, həm də müalicənin keyfiyyətinin və nəticəsinin qeydiyyatının və təhlilinin səviyyəsi də  yüksəlib. Həmin təhlillər əsasında əvvəllər doqma kimi qəbul olunmuş prosedurlar indi şübhə altına alınır. Yaxud da bir neçə üsuldan hansının daha üstün olması göstərilir.