Ürək damar xəstəlikləri riskinin azaldılması hər bir fərdin özündən çox asılıdır. Xəstəlik riskini azaltmaq üçün xəstəliyi yaradan risk faktorlarını kontrolda tutmaq lazımdır. Bələ ki, sağlam qidalanma, yüksək təzyiqin nəzarətdə tutulması, siqaretdən istifadə etməmək, həftədə ən azı 3 gün idman etmək , qan şəkərinin kontrol altında tutulması, stressdən mümkün qədər uzaq durulması ürək damar xəstəliklərinin riskini xeyli dərəcədə aşağı salır.
Bu sözləri “İki sahil”ə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri, invaziv kardioloq Şəfəq Nəzirova bildirdi.
Şəfəq Nəzirova bildirdi ki, ürək xəstəliklərinin diaqnozu qoyulduğu andan protokollara uyğun düzgün müalicəsi başlanmalıdır . Həm diaqnostikanın, həm də müalicənin zamanlaması çox önəmlidir, çünki zamanında qoyulmuş doğru diaqnoz və başlanan müalicə, bir sıra ağırlaşmaların qarşısını aldığı kimi, insanın həyatını da xilas edir. Əks halda, yəni, doğru müalicənin başlanması gecikərsə, ürək çatışmazlığı, kəskin miokard infarktı, həyatı təhdid edən aritmiyalar, ciddi qapaq və ya əzələ patologiyaları baş verir. Bunların da qarşısını almaq mümkün olmaya bilir. Ona görə də insanlarımız həkimə gecikmiş deyil zamanında müraciət etməlidirlər ki, müalicədən yüksək fayda görsünlər. Zamanında müraciət, diaqnostika və müalicə insanın həyatının qurtarılması deməkdir .