Rusiya Səhiyyə Nazirliyinin Seçenov Universitetinin Molekulyar Virusologiya Laboratoriyasının alimləri yeni araşdırma aparıblar.
Foodinfo.az xəbər verir ki, araşdırma zamanı xərçənglə mübarizə üçün zəifləmiş vezikulyar stomatit, Nyukasl xəstəliyi və miksoma viruslarından istifadə olunub.
Bu viruslar xərçəng hüceyrələrini yoluxdura və məhv edə bilirlər.
Onlar dəyişdirilərək insanlar üçün təhlükəsiz hala gətirilib.
Tədqiqat melanomanın aqressiv forması müşahidə olunan siçanlar üzərində aparılıb. Nəticədə, vezikulyar stomatit virusu şişin inkişaf sürətini 50% azaldıb. Digər zəifləmiş viruslar da heyvanlarda aktivliyi və iştahı saxlayaraq xərçəngin inkişafının qarşısını alıb.
Onkolitik viruslar xərçəngin müalicəsi üçün tək vasitə kimi və terapevtik molekulların daşıyıcısı kimi istifadə edilə bilər. Bu viruslar xərçəng hüceyrələrində çoxalaraq, onları məhv edir və orqanizmin immun sistemini xəstəliklə mübarizəyə stimullaşdırır.
Vacib məqamdır ki, sözügedən viruslar sağlam hüceyrələrdə çoxalmır, bu da kimyaterapiya və radioterapiya ilə müqayisədə yan təsirləri azaldır.
Bu kəşf minimal yan təsirlərlə daha effektiv xərçəng müalicəsinin inkişafı üçün yeni perspektivlər açır.
Nurlan