Yanıqların müxtəlif dərəcələri var. Çox dərin deyilsə, evdə müalicə oluna bilər və həkimə müraciət etmək lazım deyil. Amma yanıqdan sonra nə edəcəyini bilmək, yanıq müalicəsi üçün bəzi ev vasitələrinə bələd olmaq, yanığımızın dərin olub-olmadığını və həkim baxımına ehtiyacı olub-olmadığını müəyyən edə bilmək vacibdir.
Foodinfo.az bu yazıda evdə yanıqların müalicəsi üçün lazımı məsləhətləri təqdim edir.
Yanıqlar 4 dərəcəyə bölünür.
Birinci dərəcə: səthi yanıq kimi də tanınan bu yanıqda dərinin yalnız xarici səthi zədələnir.
İkinci dərəcə: yanıq bir az daha şiddətli olur və dərinin aşağı təbəqəsi də zədələnir.
3-cü dərəcə: bu yanıqlar dərinin bütün təbəqələrini əhatə edir.
4-cü dərəcə: yanıqlar dəri ilə yanaşı, oynaqlar və hətta sümüklər kimi daxili orqanlara da zərər verir.
Birinci və ikinci dərəcəli yanıqlar adətən ev şəraitində müalicə olunur. Amma 3-cü və 4-cü dərəcəli yanıqlarda mütləq həkimə müraciət etməlisiniz.
Birinci dərəcəli yanıqlar adətən 7-10 gün ərzində sağalır. İkinci dərəcəli yanıqların tam sağalması isə adətən 2-3 həftə çəkir.
Yanıqdan sonra nə etməli?
Birinci və ikinci dərəcəli yanıqların tez soyuq suyun altına qoyulması yanıq nəticəsində yaranan ağrıları azaltmaqla yanaşı, həm də yanığın irəliləməsinin və dərinin digər təbəqələrinin zədələnməsinin qarşısını alacaq.
Yanıq yerini dezinfeksiyaedici məhlul və ya antibakterial sabunla yuyun və təmiz dəsmal ilə qurulayın. Ağrıları azaltmaqla yanaşı, yanıq yerini təmiz saxlamaq lazımdır.
Birinci və ikinci dərəcəli yanıqlarda sarğıya ehtiyac yoxdur. Amma yaralı və ya qabarcığı cırılmış yanıqlarda yanığı çirklənmədən qorumaq, və cırıq qabarığın sağalması üçün ona sarğı qoymaq lazımdır.
Yanıq çox ağrılıdırsa və buna dözə bilmirsinizsə, yanıq ağrısını azaltmaq üçün normal istifadə etdiyiniz ağrıkəsicidən istifadə edə bilərsiniz.
Yanıq yerinin birbaşa günəş işığına məruz qalması yanıq ağrısını artırır.
Yanıqları müalicə etmək üçün aloe vera kremlərindən və ya onun təbii gelindən istifadə edə bilərsiniz.
Təbii bal iltihab əleyhinə, mikrob və bakteriya əleyhinə xüsusiyyətlərə malikdir və yanıqların və yanıqlar nəticəsində yaranan ağrıların daha tez sağalmasına kömək edir.
Yanıq zamanı bu maddələrdən istifadə etməyin!
Bəzi insanlar diş pastasının yanıqları müalicə edə biləcəyinə inanırlar. Lakin araşdırmalar göstərir ki, diş pastası bakteriyaları yanıq səthinə yaya bilər və yanığı daha da pisləşdirə bilər.
Dəriyə birbaşa buz tətbiq etmək yanmış dərini sərinləşdirə bilər. Ancaq buz yanıqlara daha çox zərər verə bilər və dərini daha çox qıcıqlandıra bilər.
Bəziləri yumurta ağının yanıqları müalicə edə biləcəyinə inanır. Ancaq diş pastası kimi yumurta ağı yanıq bölgəsində daha çox bakteriya yayılmasına kömək edir.
Kərə yağı yanıq bölgəsində istiliyi saxlayır və yanıq nəticəsində yaranan ağrıları artırır.