
Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında keçiriləcək yarmarkada satışa çıxarılacaq arıçılıq məhsullarının laborator müayinəsi həyata keçirilib.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət tədbirləri çərçivəsində 281 fermerə məxsus arıçılıq məhsullarından ümumilikdə 1417 bal nümunəsi götürülərək laboratoriyaya təqdim edilib. Sınaq nəticələrinə əsasən 44 nümunədə uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluq aşkar edilmiş bal məhsullarının dövriyyədən çıxarılaraq utilizasiyası (təyinatının dəyişdirilməsi) və ya məhv edilməsi barədə sahibkarlara icrası məcburi göstərişlər verilib.
Yarmarka müddətində satışa çıxarılacaq arıçılıq məhsullarına AQTA tərəfindən operativ nəzarət davam edəcək.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi və Nazirliyin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Arıçılar Assosiasiyasının tərəfdaşlığı ilə 18 oktyabr – 9 noyabr tarixlərində 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.
Yarmarkada bu il 43 regiondan 280-dən çox arıçı-fermer iştirak edir.
Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında “Gənclik” metro stansiyasının yaxınlığında fəaliyyət göstərəcək.



