Bir çoxları gün boyu az yesələr də, çox yesələr də, gecələr aclıq hiss edirlər. Diyetoloqlar gec saatlarda yeməyin əleyhinədirlər. Bəs çox azsaq, yatmazdan əvvəl sağlamlığa zərər vermədən nə yeyə bilərik?

Foodinfo.az xəbər verir ki, bu sualın cavabı "Həkim qeydləri" (Записки врача) Telegram kanalında verilib.

Bildirilir ki, yatmazdan öncə heç yeməmək daha yaxşı olsa da, aclıq sizə güc gəldikdə ən sağlam variantları seçməlisiniz. Diyetoloqlar tərkibində yağ, karbohidrat və zülallar olan qidaları tövsiyə edirlər.

Bu səbəbdən də qatıq, süd və kəsmik ideal seçimdir: hər üç makronutrienti ehtiva edir və asanlıqla həzm olunur. Başqa sözlə, bu qidalar mədədə minimal vaxt keçirirlər. Həmçinin, qoz-fındıq, toxum, ispanaq və qatı albalı şirəsində olan maqneziumu da unutmamaq gərəkdir. Bu maddə yuxu keyfiyyətini yaxşılaşdıra və daha tez yuxuya getməyə kömək edə bilər.

Eyni zamanda, həddindən artıq yağlı, turş və ədviyyatlı qidalardan çəkinmək lazımdır. Onlar mədədə çox qala və reflüksə səbəb ola bilər.