Sağlam və uzun ömür sürməyin sirri düşündüyümüzdən daha sadə ola bilər. Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, professor və həkim Sebastian La Rosa sağlam həyat müddətini uzatmağın əsas yollarından birinin qidalanmada kalori miqdarının ölçülü şəkildə azaldılması olduğunu bildirib.

Mütəxəssis qeyd edir ki, bu yanaşma aclıq demək deyil. Söhbət gündəlik qəbul edilən qidanın həcmini təxminən 20–40 faiz azaltmaqdan gedir. Bununla yanaşı, orqanizmin vitamin və digər faydalı maddələrlə təmin olunması mütləq qorunmalıdır.

Onun sözlərinə görə, belə qidalanma rejimi hüceyrə səviyyəsində yenilənmə proseslərini aktivləşdirir və orqanizmin daha sağlam fəaliyyət göstərməsinə şərait yaradır. Bu isə yaşlanma prosesinin ləngiməsinə müsbət təsir göstərə bilər.

Sebastian La Rosa həmçinin xronoloji yaşla sağlam yaş anlayışlarının fərqli olduğunu vurğulayıb. O hesab edir ki, uzun ömür sürmək deyil, sağlam və aktiv yaşamaq daha vacibdir.

Professor əlavə edib ki, yalnız düzgün qidalanma kifayət deyil. Fiziki aktivlik, aşağı stress səviyyəsi və keyfiyyətli yuxu da uzun və sağlam həyat üçün əsas amillər sırasındadır.

Mütəxəssislərin fikrincə, balanslı həyat tərzi seçərək və qidalanmaya nəzarət etməklə uzun illər sağlam qalmaq mümkündür.