Baytarlıq sahəsində istifadə olunan antimikrob preparatların (antibiotiklərin) Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) tərəfindən elmi-risk qiymətləndirilməsi hazırlanıb. Sənədin hazırlanmasında məqsəd antibiotiklərin heyvandarlıqda effektiv istifadəsinə nail olmaqdır.
Qeyd edək ki, antibiotiklər heyvandarlıq, o cümlədən quşçuluq sahəsində xəstəliklərin müalicə və profilaktikası ilə yanaşı, çəki artırmaq məqsədilə boy stimulyatoru kimi də geniş istifadə edilir. Belə antibiotiklərə “antibiotik-stimulyatorlar” və ya “yem antibiotikləri” də deyilir.
Foodinfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il heyvandarlıqda tonlarla antibiotik tətbiq edilir ki, bu da səhiyyədə istifadə olunan antibiotikləri iki dəfədən çox üstələyir.
Antimikrob təsirinə görə bu preparatların baytarlıq və səhiyyə sahəsində, eləcə də qida sənayesində geniş miqyasda istifadəsi mikroorqanizmlərdə antibiotiklərə qarşı davamlılığın (antimikrob rezistentlik) yaranmasına səbəb olur. Əmələ gələn yeni və rezistent patogen ştamların ətraf mühitə yayılması mikroorqanizmlərin ekoloji tarazlığının pozulması ilə nəticələnir. Antimikrob rezistentlik səbəbindən yeni antibiotiklərin tətbiqi zərurəti yaranır ki, bu da antimikrob rezistentliyin qlobal xarakter almasına gətirib çıxarır.
Antibiotiklərin quşçuluq sahəsində istifadəsinə dair əldə olunmuş elmi-risk qiymətləndirilməsinin nəticəsinə əsasən qeyd edilir ki, bu preparatların kortəbii və genişmiqyaslı tətbiqi onların heyvan mənşəli qida məhsullarında qalıq şəklində toplanmasına səbəb olur. Bu da həmin qidaları istehlak edən insanların sağlamlığında ciddi problemlərə (allergiyalar, toksikozlar və s.) yol aça bilər.
Qeyd edək ki, AQTİ mütəxəssisləri tərəfindən quşçuluq sahəsində antibiotiklərin istifadəsinin tənzimlənməsi istiqamətində tədqiqat işləri davam etdirilir.