
Son illər bitki mənşəli südlər – badam, yulaf, soya və kokos südləri geniş yayılıb. Foodinfo.az bildirir ki, bu südlər laktoza həssaslığı olan şəxslər və veganlar üçün alternativ olaraq nəzərdə tutulur. Badam südü az kalorili, E vitamini ilə zəngin olsa da, zülal baxımından zəifdir.
Soya südü zülalla daha zəngin olduğu üçün idmançılar və böyümə çağındakı uşaqlar üçün daha uyğundur. Yulaf südü lif baxımından üstün olub bağırsaq sağlamlığını dəstəkləyir. Lakin bitki mənşəli südlərin qidalandırıcı dəyəri istehsal prosesindən asılı olaraq dəyişir. Bir çox məhsul əlavə şəkər, dadlandırıcı və stabilizatorlarla zənginləşdirilir. Bu, onların sağlamlıq baxımından üstünlüyünü azalda bilər. Ənənəvi inək südü isə kalsium və B12 vitamini ilə zəngindir və sümük sağlamlığı üçün vacibdir.
Bitki südlərinin bu elementlərlə süni şəkildə zənginləşdirilməsi vacibdir. Nəticə etibarilə, əvəzləmə mümkündür, lakin qida tərkibi və etiket oxunması diqqətlə aparılmalıdır. Hər kəs öz sağlamlıq vəziyyətinə və qida ehtiyacına görə seçim etməlidir.