Dietoloq Elena Solomatina hibiskus çayının sağlamlığa təsirlərindən danışıb. Foodinfo.az bildirir ki, mütəxəssis bu içkinin aterosklerozun qarşısını almaq və qan damarlarının vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edildiyini bildirib.

Solomatina “Veçernyaya Moskva” qəzetinə müsahibəsində hibiskus çayının antioksidant təsiri sayəsində qanda xolesterinin səviyyəsini aşağı saldığını vurğulayıb. Onun sözlərinə görə, bu çay qaraciyər fəaliyyətini dəstəkləyir, metabolizmi sürətləndirir və immun sistemini gücləndirir.

Dietoloq hibiskusun tərkibindəki faydalı maddələr baxımından bal və limonla müqayisə oluna biləcəyini bildirib. O qeyd edib ki, bu içki kəskin respirator virus infeksiyaları və digər soyuqdəymələr zamanı da istifadə oluna bilər.

Bununla yanaşı, Solomatina xəbərdarlıq edib ki, hibiskus çayı çox turş olduğuna görə mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər üçün əks göstərişdir.