Son illərdə kinoa sağlam qidalanma trendinin ən populyar məhsullarından birinə çevrilib və təsadüfi deyil. Bu dənli bitki həm restoran menyularında, həm də gündəlik rasionda getdikcə daha çox yer alır və xüsusilə sağlam həyat tərzinə üstünlük verənlər üçün ideal seçim sayılır.

Foodinfo.az BB.lv saytına istinadla xəbər verir ki, kinoa yüksək qida dəyərinə malik olması ilə seçilir. Onun tərkibində 20 faizə qədər zülal var və bu zülal orqanizm üçün lazım olan bütün əsas amin turşularını ehtiva edir. Bundan əlavə, kinoa qlütensizdir, maqneziumla zəngindir, faydalı yağ turşuları (omeqa-3) ehtiva edir və liflə zəngin olduğu üçün qan şəkərinin kəskin yüksəlməsinin qarşısını alır.

Mütəxəssislər qeyd edir ki, kinoanı seçərkən qablaşdırmanın bütövlüyünə və saxlanma şəraitinə diqqət yetirmək vacibdir. Onu quru, sərin və işıqdan qorunan yerdə saxlamaq tövsiyə olunur, çünki işıq təsiri məhsulun dadını poza bilər.

Kinoanın hazırlanması isə olduqca sadədir: əvvəlcə isti su ilə yuyulur, sonra 1:2 nisbətində su və ya bulyon əlavə edilərək təxminən 15 dəqiqə zəif odda bişirilir. Hazır olduqda dənələri yüngül xırtıldayan qalmalıdır. Onu salatlarda, qarnir kimi, smuzilərdə və hətta dolma içliklərində istifadə etmək mümkündür.

Bu məhsulun dadını qorumaq üçün çox kəskin ədviyyələrdən uzaq durmaq tövsiyə olunur. Kinoa öz yüngül qozvari dadı ilə fərqləndiyi üçün sadə əlavələrlə belə olduqca ləzzətli olur.

Əksər insanlar üçün kinoa təhlükəsiz hesab edilsə də, bəzi hallarda ehtiyatlı olmaq lazımdır. Xüsusilə böyrək problemləri olan şəxslər və kiçik yaşlı uşaqlar üçün onun istifadəsi məhdudlaşdırıla bilər. Ümumilikdə isə kinoa balanslı qidalanmanın dəyərli hissəsi kimi orqanizmə enerji və fayda verir.